Azərbaycanın dövlət quruculuğu prosesində ədliyyə sisteminin formalaşdırılması və təkmilləşdirilməsi mühüm istiqamətlərdən biri olub. Ədliyyə sistemi hüquqi normaların tətbiqini təmin etməklə yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsində, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsində də mühüm rol oynayır.
Müstəqillik dövründə bu sahədə həyata keçirilən islahatları bir neçə əsas istiqamət üzrə səciyyələndirmək mümkündür. Bunlara ədliyyə institutlarının institusional inkişafı, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, qanunvericilik bazasının yenilənməsi, hüquqi xidmətlərin əlçatanlığının artırılması və rəqəmsallaşma daxildir.
Bu fikirləri Realist.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib.
Onun sözlərinə görə, bu prosesdə ədliyyə sisteminin strukturunun müasir hüquqi dövlətin tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır. Sovet dövründən miras qalmış hüquq sisteminin demokratik prinsiplərə əsaslanan yeni institusional modelə transformasiyası, üçpilləli məhkəmə sisteminin – birinci instansiya, apellyasiya və kassasiya məhkəmələrinin formalaşdırılması, inzibati və kommersiya məhkəmələrinin yaradılması mühüm mərhələlərdəndir.
Deputat qeyd edib ki, islahatların digər mühüm istiqaməti dövlət-vətəndaş münasibətlərində şəffaflığın və operativliyin artırılmasıdır. Elektron notariat xidmətlərinin tətbiqi, elektron icra sisteminin yaradılması, elektron məhkəmə platformasının istifadəyə verilməsi, hüquqi aktların vahid elektron bazasının formalaşdırılması və dövlət xidmətlərinin rəqəmsal platformalarda inteqrasiyası vətəndaşların hüquqi xidmətlərə çıxış imkanlarını genişləndirib.
O bildirib ki, 2026-cı ildə Ədliyyə Nazirliyinin bir sıra xidmətlərinin vahid rəqəmsal xidmət platforması olan MyGov-a inteqrasiyası da bu istiqamətdə atılan əhəmiyyətli addımlardandır. Belə yanaşma vətəndaşların müxtəlif dövlət qurumlarının platformaları arasında vaxt itkisinin qarşısını alır, xidmətlərin daha əlçatan və operativ göstərilməsinə şərait yaradır.
A.Allahverənov rəqəmsallaşma sahəsində əldə olunan nəticələrin beynəlxalq qiymətləndirmələrdə də əksini tapdığını vurğulayıb. Onun sözlərinə görə, Dünya Bankının 2025-ci ilin iyulunda açıqladığı məlumatlara əsasən, 2014–2024-cü illərdə həyata keçirilən məhkəmə xidmətləri və ağıllı infrastruktur layihələri çərçivəsində 12 yeni məhkəmə kompleksi tikilib, elektron məhkəmə sistemi tətbiq olunub. Layihə çərçivəsində təxminən 70 min vətəndaş hüquqi yardımdan yararlanıb. Elektron məhkəmə sisteminin tam tətbiqindən sonra hakimlərin işlərə baxmaq imkanlarının əvvəlki dövrlərlə müqayisədə üç dəfə artdığı qeyd olunur.
Deputat hesab edir ki, əldə olunan nailiyyətlərlə yanaşı, islahatların davam etdirilməsi də zəruridir. Bu prosesdə əsas diqqət vətəndaş hüquqlarının rahat, vaxtında və effektiv müdafiəsinə yönəldilməlidir. Hüquqi islahatların nəticələri insanların gündəlik həyatında real şəkildə hiss olunmalıdır.
O, hüquqi maarifləndirmənin də bu sahədə prioritet istiqamətlərdən biri olduğunu bildirib. Qeyd edib ki, hüquqi biliklər gündəlik həyatla əlaqələndirilməli, vətəndaşlar əmək münasibətləri, ailə və vərəsəlik hüququ, mülkiyyət, mənzil, sosial təminat, istehlakçı hüquqları, inzibati prosedurlar və elektron xidmətlərdən istifadə qaydaları barədə zəruri məlumatlara malik olmalıdırlar.
A.Allahverənovun sözlərinə görə, hüquqi maarifləndirmə yalnız qanunvericiliyin izahı ilə məhdudlaşmamalı, eyni zamanda vətəndaşlara qarşılaşdıqları konkret problemlərin həlli yollarını da göstərməlidir. Deputat seçicilərlə keçirdiyi görüşlər zamanı bu istiqamətdə müəyyən ehtiyacların və çatışmazlıqların müşahidə olunduğunu, buna görə də maarifləndirmə tədbirlərinin davamlı xarakter daşımasının vacibliyini vurğulayıb.
O, pulsuz və əlçatan hüquqi yardım mexanizmlərinin genişləndirilməsini də zəruri hesab edir. Bildirib ki, aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, yaşlı insanların, uşaqların, müharibə veteranlarının, şəhid ailələrinin və digər həssas qrupların hüquqi xidmətlərə çıxış imkanları artırılmalıdır. Deputat bu məsələnin Milli Məclisdə müzakirə olunan pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı qanun layihəsi çərçivəsində də diqqət mərkəzində saxlanıldığını, həmçinin 2027-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı bu istiqamətdə təkliflərlə çıxış etdiyini qeyd edib.
Deputat rəqəmsal xidmətlərin inkişafı ilə yanaşı, rəqəmsal bərabərliyin təmin olunmasının da vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, yaşlı vətəndaşların, internetdən istifadə imkanları məhdud olan şəxslərin və rəqəmsal bacarıqları zəif əhalinin elektron xidmətlərdən kənarda qalmasına yol verilməməlidir. Buna görə də rəqəmsal platformalarla yanaşı, ənənəvi xidmət kanalları, məsləhət və dəstək mexanizmləri də qorunub saxlanılmalıdır.
A.Allahverənov süni intellekt və yeni texnologiyaların hüquq sisteminə inteqrasiyasının da perspektivli istiqamətlərdən biri olduğunu bildirib. Qeyd edib ki, hüquqi məlumatların axtarışı, normativ aktların təhlili, məhkəmə ekspertizası və sənədləşmə proseslərində rəqəmsal texnologiyalardan istifadə yeni imkanlar yaradır.
Deputat vurğulayıb ki, Azərbaycanın ədliyyə sistemi qarşısında duran başlıca vəzifə institusional və texnoloji modernləşməni insan hüquqlarının daha effektiv müdafiəsi ilə uzlaşdırmaqdır. Vətəndaş dövlət qurumuna müraciət edərkən dinlənildiyini, hüquqlarının qorunduğunu və hüquqi baxımdan etibarlı müdafiə olunduğunu hiss etməlidir.
Onun sözlərinə görə, ədliyyə sisteminin gücü, əslində, vətəndaşın ədalətə inamı ilə ölçülür. Qanunun aliliyinin təmin edilməsi, hüquqi mədəniyyətin yüksəldilməsi və hər bir insanın hüquqlarının etibarlı müdafiəsi müasir Azərbaycan dövlətçiliyinin inkişafının mühüm şərtlərindəndir.
Sonda deputat 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə bu sahədə çalışanları təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


