Ukrayna hərbçiləri dünyada ilk dəfə olaraq süni intellektlə (Sİ) inteqrasiya edilmiş yerüstü robot kompleksinin (YRK) döyüş missiyasını icra ediblər. Robot operatorun iştirakı olmadan verilmiş marşrut üzrə təxminən 20 kilometr məsafəni müstəqil şəkildə qət edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, eksperiment birbaşa real döyüş şəraitində aparılıb. Bunun üçün yerüstü robot kompleksi əvvəlcədən müəyyən edilmiş marşrut üzrə avtonom hərəkət etməyə imkan verən süni intellekt sistemi ilə təchiz olunub.
Texnologiya necə işləyir?
Missiyaya başlamazdan əvvəl hərbçilər lazer sensorunun köməyi ilə yolu skan edərək onun üçölçülü (3D) modelini yaradıblar. Hərəkət zamanı isə kameralar və datçiklər yolun və maneələrin tanınmasına kömək edib.
Yeni texnologiyanın əsas üstünlükləri bunlardır:
-
Əlaqə kəsintilərinə davamlılıq: Hətta rabitə və ya “Starlink”lə bağlı problemlər yarandıqda belə kompleksi idarə etmək mümkündür;
-
Xarici təhdidlərə fokuslanma: Sİ-dən istifadə operatorlara maşının birbaşa idarə olunmasına daha az vaxt ayırmağa, əvəzində minalar və FPV-dron pusquları kimi xarici təhlükələrə daha çox diqqət yetirməyə imkan verir;
-
Yaralıların təxliyəsi: Hərbçilərin fikrincə, bu cür komplekslər ən böyük faydanı məhz yaralıların döyüş meydanından təxliyəsi zamanı verə bilər.
Ukrayna ordusunda yerüstü robotların istifadəsi 3,3 dəfə artıb
Məlumata görə, hazırda yerüstü robot kompleksləri cəbhədəki bütün tibbi təxliyələrin 0,3%-ə qədərini təmin edir. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələrində YRK-ların tətbiqi sürətlə genişlənir:
-
2026-cı ilin əvvəlindən bu cür komplekslərin yerinə yetirdiyi missiyaların sayı 3,3 dəfə artıb;
-
Xüsusilə avqust ayında yerüstü robotlar 25.143 logistika və təxliyə missiyası icra ediblər ki, bu da ilin əvvəlindən bəri ən yüksək aylıq göstəricidir;
-
Müqayisə üçün qeyd edək ki, yanvar ayında bu cür tapşırıqların sayı 7.511 olub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


