Ev təsərrüfatları və torpaq ehtiyatları haqqında məlumatların sistemli şəkildə toplanması sosial siyasətin daha ünvanlı həyata keçirilməsi, milli resurslardan səmərəli istifadə və dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Rövşən Muradov Realist.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlətçilik fəlsəfəsinin və milli inkişaf strategiyasının əsasını vətəndaş rifahının təmin edilməsi, sosial ədalətin qorunması və gələcək nəsillərin dayanıqlı inkişafı təşkil edir.
Deputatın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun davam etdirdiyi dövlətçilik konsepsiyasında iqtisadi imkanların xalqın rifahına və milli tərəqqiyə yönəldilməsi başlıca prinsiplərdəndir. Bu baxımdan, ev təsərrüfatlarının sosial-iqtisadi vəziyyəti barədə məlumatların əhatəli şəkildə toplanması yalnız statistik uçot deyil, həm də strateji idarəetmə imkanlarının genişləndirilməsi deməkdir.
Rövşən Muradov qeyd edib ki, ailələrin gəlir mənbələrinin, məşğulluq imkanlarının və real yaşayış şəraitinin obyektiv qiymətləndirilməsi sosial müdafiə mexanizmlərinin daha düzgün qurulmasına şərait yaradacaq. Bu, xüsusilə sosial dəstəyə ehtiyacı olan ailələrin vaxtında müəyyənləşdirilməsi və dövlət yardımının onların real ehtiyaclarına uyğun göstərilməsi baxımından vacibdir.
Deputat torpaq ehtiyatlarının dəqiq uçotunun da strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, torpaqlardan səmərəli istifadə, əkinəyararlı sahələrin iqtisadi dövriyyəyə cəlb edilməsi, su ehtiyatlarının qorunması və regional istehsal potensialının düzgün qiymətləndirilməsi ərzaq suverenliyinin və iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Onun fikrincə, subsidiyaların, güzəştli maliyyələşdirmənin və infrastruktur investisiyalarının dəqiq məlumatlar əsasında istiqamətləndirilməsi kənd təsərrüfatının inkişafına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verə bilər.
R.Muradov əlavə edib ki, toplanan məlumatların səmərəli idarəetmə qərarlarına çevrilməsi üçün dövlət qurumları arasında rəqəmsal inteqrasiyanın gücləndirilməsi, vahid informasiya və analitik qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, sosial yardımın təyin edilməsində obyektivlik, şəffaflıq, qanunçuluq və fərdi məlumatların mühafizəsi əsas prinsiplər kimi qorunmalıdır.
Deputatın qənaətinə görə, sosial yardımların ünvanlılığının artırılması təkcə büdcə vəsaitlərindən səmərəli istifadə deyil, həm də sosial ədalətin təmin olunması və vətəndaşların dövlətə etimadının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
O vurğulayıb ki, Azərbaycanın strateji inkişafının əsas hədəfi güclü dövlət, dayanıqlı iqtisadiyyat və rifahlı cəmiyyət prinsiplərinin vəhdətini təmin etməkdir. Milli sərvətlərdən səmərəli istifadə dövlətin qüdrətinin, dövlətin iqtisadi imkanları isə vətəndaşların rifahının yüksəldilməsinə xidmət etməlidir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


