EZZE — lüks və xüsusi mebel, interyer (reklam)
Bakıətrafı qəsəbələrin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və yeni turizm marşrutlarının yaradılması paytaxtın turizm imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə qəsəbələrin baş planlarının yenilənməsi və Bakı–Ələt istiqamətində sürət qatarlarının istifadəyə verilməsi bu ərazilərin iqtisadi və turizm potensialının daha səmərəli reallaşdırılmasına şərait yarada bilər.

Milli Məclisin deputatı Könül Nurullayeva bu barədə Realist.az-a açıqlamasında bildirib ki, Bakı Azərbaycanın əsas turizm mərkəzi olmaqla yanaşı, ölkəyə səfər edən xarici turistlərin ilk üz tutduğu şəhərlərdən biridir. Lakin paytaxtın turizm imkanları yalnız şəhər mərkəzi ilə məhdudlaşmır. Bakıətrafı qəsəbələr də zəngin tarixi və mədəni irsi ilə turistlərə fərqli istiqamətlər təqdim etmək potensialına malikdir.

Deputatın sözlərinə görə, qəsəbələrin baş planlarının yenilənməsi onların gələcək inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə, müasir turizm obyektlərinin, ictimai məkanların və istirahət zonalarının yaradılmasına imkan verəcək. Bu yanaşma həm yerli sakinlərin gündəlik hərəkət imkanlarını yaxşılaşdıracaq, həm də turistlərin paytaxt ətrafındakı məkanlara rahat səfər etməsinə şərait yaradacaq.

K.Nurullayeva qeyd edib ki, Bakı–Ələt istiqamətində sürət qatarlarının istifadəyə verilməsi də nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, yeni turizm marşrutlarının formalaşmasına təkan verə bilər. Nəqliyyat əlaqələrinin güclənməsi paytaxtətrafı ərazilərin iqtisadi fəallığının yüksəlməsinə və mövcud imkanların daha geniş miqyasda dəyərləndirilməsinə xidmət edəcək.

O vurğulayıb ki, turizmin inkişafı Bakıətrafı qəsəbələrin sakinləri üçün də əlavə iqtisadi imkanlar yaradacaq. Bu proses xüsusilə kiçik və orta sahibkarlığın genişlənməsinə, yeni iş yerlərinin açılmasına, əhalinin gəlirlərinin artmasına və yerli iqtisadiyyatın canlanmasına müsbət təsir göstərə bilər.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın