EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın deyil, Alen Simonyanın dekabrın əvvəlində Azərbaycana gözlənilən səfəri iki ölkə arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində müzakirələrin davamı kimi qiymətləndirilə bilər. Tərəflər arasında müxtəlif istiqamətlərdə aparılan dialoq və qarşılıqlı addımlar sülh prosesində yeni mərhələnin formalaşdığını göstərir.

Milli Məclisin deputatı Azər Allahverənov Realist.az-a açıqlamasında bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycana gözlənilən səfəri sülhün bərqərar olmasına xidmət edən mühüm təşəbbüslərdən biridir.

Deputatın sözlərinə görə, bundan əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfər etməsi və tərəflər arasında aparılan müzakirələr iki ölkə arasında siyasi dialoqun mövcudluğunu və davamlı xarakter aldığını təsdiqləyir. Bu dialoqun davam etdirilməsi regionda yaranmış yeni reallıqlar və sülh gündəliyinin irəli aparılması baxımından vacibdir.

Azər Allahverənov qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında bir sıra istiqamətlərdə praktiki addımlar atılır. Belə ki, Rusiya və Qazaxıstandan Ermənistana yüklərin Azərbaycan ərazisi üzərindən tranzit daşınmasının təmin edilməsi, eləcə də ölkəmizdən Ermənistana kommersiya məqsədilə neft məhsullarının ixracına başlanması Azərbaycanın kommunikasiyaların açılması istiqamətində nümayiş etdirdiyi mövqeyi əks etdirir.

Deputat vurğulayıb ki, buna baxmayaraq, Ermənistan tərəfindən Azərbaycanla Naxçıvan arasında birbaşa əlaqənin təmin olunması istiqamətində hələlik konkret praktiki addımlar atılmayıb. Nikol Paşinyan avtomobil yolunun açılmasına hazır olduqlarını bildirsə də, bu istiqamətdə real nəticə əldə edilməyib.

Onun sözlərinə görə, TRIPP layihəsi də Azərbaycanla Naxçıvan arasında bağlantının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan tərəfindən yayılan məlumatlara əsasən, layihənin həyata keçiriləcəyi ərazidə ağır texnikanın cəlb olunması, qazıntı və torpaq səthinin hamarlanması işlərinə başlanılıb. Bu məlumatlar təsdiqləndiyi təqdirdə, TRIPP layihəsinin hazırlıq mərhələsindən birbaşa tikinti prosesinə keçidinin göstəricisi kimi qiymətləndirilə bilər.

Deputat diqqətə çatdırıb ki, layihənin ilkin mərhələsində kəşfiyyat və hazırlıq işləri aparılıb, bu prosesdə ABŞ şirkətləri də iştirak edib. ABŞ rəsmilərinin Ermənistana mütəmadi səfərləri də layihənin həyata keçirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir.

Azər Allahverənov bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində institusional məsələlər, xüsusilə Ermənistan Konstitusiyasının dəyişdirilməsi də mühüm yer tutur. Onun fikrincə, hazırkı Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların mövcudluğu sülh müqaviləsinin imzalanması qarşısında əsas maneələrdən biridir.

Deputat qeyd edib ki, Ermənistanın yeni Konstitusiya layihəsi artıq ictimai müzakirəyə çıxarılıb. 2027-ci ildə referendumun keçirilməsi və yeni Konstitusiyanın qəbulunun nəzərdə tutulması bu baxımdan diqqət çəkir. Yeni sənəddə ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılması sülh sazişinin imzalanması üçün mövcud maneələrin aradan qaldırılmasına şərait yarada bilər.

O əlavə edib ki, Alen Simonyan və Hikmət Hacıyev arasında keçirilən görüşlərdə məhz bu məsələlərin, iqtisadi əlaqələrin, kommunikasiyaların açılmasının və digər əməkdaşlıq istiqamətlərinin müzakirəsi gözləniləndir. Eyni zamanda, vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların davam etdirilməsi də gündəmdə ola bilər. Bu günlərdə Azərbaycandan olan nümayəndə heyətinin Ermənistana səfəri də qarşılıqlı dialoqun genişlənməsi baxımından əhəmiyyətlidir.

Millət vəkili vurğulayıb ki, iki ölkə arasında siyasi dialoq yalnız ikitərəfli görüşlərlə məhdudlaşmır, beynəlxalq platformalarda da təmaslar və fikir mübadilələri aparılır. Bu baxımdan Avropa Siyasi Birliyi çərçivəsində keçirilən görüşlərdə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılması və sülhün qurulması ilə bağlı müzakirələr xüsusi əhəmiyyət daşıyır.

Azər Allahverənovun fikrincə, bütün bu proseslər Azərbaycan-Ermənistan münasibətlərində dayanıqlı sülhün təmin olunmasına xidmət edir. Hər bir mərhələdə əldə olunan nəticələr növbəti danışıqlar üçün zəmin yaradır və tərəflərin yeni razılaşmalara doğru irəliləməsinə imkan verir.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın