EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanda idmanın inkişafı, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər və gənclərin idmana marağının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bununla yanaşı, idmanın cəmiyyətdə düzgün təbliği, xüsusilə döyüş idman növləri ilə məşğul olan şəxslər haqqında formalaşmış yanlış təsəvvürlərin aradan qaldırılması da aktual məsələlərdəndir. Çünki idman yalnız fiziki güc və mübarizə deyil, eyni zamanda intizam, iradə, məsuliyyət və yüksək davranış mədəniyyətidir.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Mircəlil Qasımlı bu barədə Realist.az-a açıqlamasında danışıb.

Deputat bildirib ki, Azərbaycan müstəqillik illərində idman sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. Xüsusilə güləş, cüdo, boks, karate və digər döyüş idman növlərində qazanılan beynəlxalq uğurlar ölkəmizin idman nüfuzunun yüksəlməsinə mühüm töhfə verib.

Onun sözlərinə görə, müstəqilliyin ilk illərindən etibarən Prezident İlham Əliyev idmanın inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərib. Dövlət başçısının idmana və sağlam həyat tərzinə verdiyi önəm gənc nəsil üçün də nümunədir.

Mircəlil Qasımlı qeyd edib ki, cəmiyyətdə bəzən döyüş idman növləri ilə məşğul olan şəxslər haqqında yanlış yanaşmalar formalaşır və onlar davaya meyilli, problemli insanlar kimi təqdim edilirlər.

Deputatın fikrincə, insanın xarakteri və davranışı onun hansı idman növü ilə məşğul olmasından deyil, fərdi xüsusiyyətlərindən, tərbiyəsindən və davranış mədəniyyətindən asılıdır. Əsl idman fəlsəfəsi isə sağlam düşüncə, səbir, intizam, təmkin və özünənəzarət prinsiplərinə əsaslanır.

O vurğulayıb ki, idman insana yalnız fiziki güc qazandırmır, eyni zamanda həmin gücü düzgün idarə etməyi, başqalarına hörmətlə yanaşmağı və emosiyalarına nəzarət etməyi öyrədir.

Deputat əlavə edib ki, gənclərin idmana cəlb olunması yalnız yeni çempionların yetişdirilməsi baxımından deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşdırılması üçün vacibdir.

Mircəlil Qasımlının sözlərinə görə, əsl güc insanın fiziki imkanlarından daha çox öz iradəsinə, emosiyalarına və davranışlarına hakim ola bilməsi ilə ölçülür.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın