Milli Məclisin deputatı Jalə Əliyeva 25 noyabrda Bakıda keçirilən II Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunda və Parlamentlərarası Əməkdaşlıq Komissiyasının ilk iclasında iştirak edib.
Deputat Realist.az-a açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü və yeni təsis edilmiş Azərbaycan–Özbəkistan Parlamentlərarası Əməkdaşlıq Komissiyasının üzvü kimi forumda çıxış edib.
O qeyd edib ki, tarixi köklərə, ortaq mənəvi dəyərlərə və qardaşlığa əsaslanan Azərbaycan–Özbəkistan münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksələrək yeni məzmun qazanıb. Bu gün iki ölkə arasındakı əlaqələr özünün ən yüksək inkişaf mərhələsini yaşayır.
Jalə Əliyevanın sözlərinə görə, bu uğurun təməlində hər iki ölkə prezidentinin siyasi iradəsi, şəxsi dostluğu, qarşılıqlı etimada əsaslanan dialoqu və ardıcıl səyləri dayanır. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Özbəkistan xalqları arasındakı qardaşlıq münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Deputat ölkələrarası əlaqələrin möhkəmləndirilməsində parlament diplomatiyasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bildirib ki, ötən il Özbəkistanın Xivə şəhərində keçirilən ilk forumdan sonra Bakıda təşkil olunan ikinci forum əməkdaşlığın daha sistemli və nəticəyönümlü mərhələyə keçdiyini nümayiş etdirir.
Jalə Əliyeva xüsusilə Parlamentlərarası Əməkdaşlıq Komissiyasının təsis edilməsini ikitərəfli münasibətlərin inkişafında mühüm institusional addım kimi qiymətləndirib.
O əminliyini ifadə edib ki, yaradılan bu yeni əməkdaşlıq mexanizmi parlamentlər arasında davamlı dialoqun qurulmasına, qanunvericilik təcrübəsinin mübadiləsinə, eləcə də dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə parlament dəstəyinin gücləndirilməsinə xidmət edəcək.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


