“Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, hərəkət tərkibinin yenilənməsi və dəmir yolu ilə sərnişindaşıma coğrafiyasının genişləndirilməsi məqsədilə qatar parkını yeniləməyə davam edir.
Realist.az ADY-yə istinadən xəbər verir ki, ADY ilə Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti arasında 4 yeni sərnişin qatarının alınması barədə müqavilə imzalanıb. Sənədi ADY sədri Rövşən Rüstəmov və “CRRC Zhuzhou Locomotive” şirkətinin rəhbəri Van Çiaolin imzalayıblar.
Yeni marşrutlar və 2030-cu il hədəfləri
ADY sədri bildirib ki, yeni sərnişin qatarlarının alınması ADY-nin hərəkət tərkibinin yenilənməsi və sərnişinlərin artan nəqliyyat ehtiyaclarının qarşılanması istiqamətində həyata keçirilən tədbirlərin davamıdır:
“Yeni elektrik qatarları müasir komfort imkanları, müxtəlif sərnişin sinifləri və əlçatanlıq həlləri ilə təchiz olunacaq. Bu hərəkət tərkiblərinin alınması ilə qatar sayının artırılması nəticəsində xidmət coğrafiyamızı daha da genişləndirərək 2030-cu ilə qədər mərhələli şəkildə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişin daşımalarını bərpa edəcəyik. Eyni zamanda, əvvəlcədən planlaşdırıldığı kimi, Bakı–Xankəndi marşrutu sərnişinlərin istifadəsinə veriləcək.”
Bu marşrutlar üzrə sərnişin daşımalarının bərpası paytaxtla regionlar arasında nəqliyyat əlaqələrini gücləndirməklə əhalinin mobilliyinin artırılmasına, təhsil, səhiyyə və məşğulluq imkanlarına çıxışın asanlaşdırılmasına dəstək olacaq. Dəmir yolu əlaqələrinin genişləndirilməsi, həmçinin daxili turizmin inkişafı, yerli sahibkarlığın canlanması və regionlarda iqtisadi fəallığın artması üçün əlavə imkanlar yaradacaq.
Xankəndi və Mincivan istiqamətlərində sərnişin daşımalarının təşkili Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid nəqliyyat şəbəkəsinə inteqrasiyasını gücləndirəcək, doğma yurdlarına qayıdan sakinlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və bölgədə sosial-iqtisadi həyatın canlanmasına töhfə verəcək. Yalama və Astara istiqamətlərində sərnişin əlaqələrinin bərpası isə ölkənin şimal və cənub bölgələrinin turizm və iqtisadi potensialından daha geniş istifadə olunmasına şərait yaradacaq.
Yeni qatarların texniki göstəriciləri
Müqaviləyə əsasən, qatarların 2 il müddətində təvil verilməsi nəzərdə tutulur. Yeni qatarların əsas parametrləri aşağıdakılardır:
-
Vaqon sayı: Hər biri 7 vaqondan ibarətdir
-
Uzunluğu: Təxminən 135 metr
-
Maksimal istismar sürəti: 140 km/saat (konstruktiv sürət: 160 km/saat)
-
Tutum: 434 oturacaq
-
Xidmət sinifləri: Birinci, biznes və standart siniflər
Qatarların istehsalçısı olan “CRRC Zhuzhou Locomotive” Çinin dəmir yolu nəqliyyatı sənayesində fəaliyyət göstərən nüfuzlu şirkətlərindən biridir.
Dövlət Proqramı və qatar parkının yenilənməsi
Yeni qatarların alınması ADY-nin sərnişin və yük daşımaları üzrə hərəkət tərkibinin mərhələli yenilənməsi istiqamətində həyata keçirdiyi daha geniş tədbirlərin tərkib hissəsidir:
-
Magistral lokomotivlər: ADY bu ilin iyununda Çinin “CRRC Ziyang” şirkəti ilə 4 ədəd magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalayıb.
-
Dövlət Proqramı (2025–2030): Azərbaycan Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının, həmçinin rayonlararası istiqamətlərdə istifadə üçün 50 ədəd yataq tipli sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri müzakirə olunur, xarici şirkətlərin təklifləri dəyərləndirilir.
-
Yük lokomotivləri: Ötən ay Çindən 7 ədəd yük lokomotivi təhvil alınıb, növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması nəzərdə tutulur.
ADY-nin qatar parkının yenilənməsi və sərnişindaşıma şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər ölkə üzrə dəmir yolu nəqliyyatının əlçatanlığının artırılmasına, regionlararası əlaqələrin gücləndirilməsinə və daha çox sərnişinin müasir dəmir yolu xidmətlərindən yararlanmasına xidmət edir.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
