Tarixi İrəvan qazılığının bərpasından ciddi şəkildə təşvişə düşmüş erməni kilsəsinin tarixi saxtalaşdırma və dezinformasiyalarından fərqli olaraq, Azərbaycan real tarixi faktlara istinadən mənəvi hüquqlarını bəyan edir.

Realist.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə “İrəvan qazılığının tarixi” kitabının təqdimat mərasimində deyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi “İrəvan qazılığının tarixi” kitabı və davamlı fəaliyyətləri ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində var-gücü ilə səy göstərəcək:

“Biz soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpası yönündə, tarixi torpaqlarımıza qayıdışımızın mənəvi sütunlarının ucaldılması yolunda əlimizdən gələni əsirgəməyəcəyik.”

QMİ sədri vurğulayıb ki, Azərbaycan dindarları ölkənin uğurları, o cümlədən mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, dövlətin himayə və diqqətindən fəxarət duyurlar:

“Dindarlar hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Heç kim bizim tərəqqipərvər dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimizə müdaxilə edə bilməz. Ölkəmizdə vətəndaş həmrəyliyi, daxili monolitliyimizi qoruyub saxlamaqla bütün yad təsirlərdən qorunmaq, milli maraq və mənafe, mənəvi dəyərlərimizi hifz edə bilərik. Milli-mənəvi irs bizə ata-babalarımızın müqəddəs mirasıdır, özəl və dəyərlidir. Və heç bir qüvvə bizi bu dəyərlərdən ayıra, milli məfkurəmizə xələl gətirə bilməz. Vətənimiz müdrik dövlətçilik təfəkkürü ilə qədim dövlətçilik ənənələrimizə və müasir müstəqillik təcrübəmizə istinadən güclü, müzəffər liderinin rəhbərliyi ilə tarixi ədaləti, əzəli haqlarımızı bərpa edir, parlaq gələcəyimizi qurur”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın