Azərbaycanda özəl şirkətlər dövlətin elektron sənəd sisteminə qoşulacaq.

Bu barədə Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və İnnovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda bildirib.

Elektron müqavilə və təhvil-təslim aktları özəl sektoru əhatə edəcək

N. Soltanovun sözlərinə görə, elektron müqavilə sistemindən həm dövlət qurumları, həm də sahibkarlar ciddi şəkildə faydalanırlar:

“Bu sistem təhvil-təslim aktlarının normativ hüquqi aktlarla müəyyən edilmiş müddətdən daha qısa vaxtda hazırlanmasına və proseslərin sürətləndirilməsinə imkan yaradır. Bu, təkcə dövlət qurumları üçün deyil, sahibkarlar və özəl sektor üçün də mühüm üstünlükdür. Məsələn, gələn ildən etibarən təhvil-təslim aktlarının elektronlaşdırılması özəl sektoru da əhatə edəcək. Bu, dövlət qurumu olmayan tərəflərin də prosesə cəlb edilməsi baxımından mühüm addımdır”.

Məqsəd prosesləri sürətləndirmək və operativliyi təmin etməkdir

Maliyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, həyata keçirilən yeniliklər biznes subyektləri üçün çətinlik yaratmayacaq:

“Təbii ki, həyata keçirdiyimiz dəyişikliklər sahibkarların indiyədək öyrəşdikləri bütün proseslərin yenidən qurulması demək deyil. Əsas məqsəd mövcud prosesləri sürətləndirmək və məlumatların operativ əldə olunmasını təmin etməkdir. Buna misal olaraq elektron qaimə-faktura sistemini göstərmək olar. Bu sistem ötən ildən etibarən fəaliyyət göstərir və artıq bir çox dövlət qurumlarında fəal istifadə olunur”.

Nurlan Soltanov əlavə edib ki, elektron qaimə-fakturalar vasitəsilə müvafiq əməliyyatlar artıq icra olunur və banklar başda olmaqla digər özəl sahibkarlıq subyektləri də bu rəqəmsal proseslərdə fəal iştirak edirlər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın