EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Dünya bazarında neftin qiymətinin yüksək olması dövlət büdcəsinin xərclərinin artırılması üçün yetərli deyil.

Realist.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

Neftin büdcə qiyməti niyə 65 ABŞ dolları götürülüb?

Komitə sədri qeyd edib ki, 2027-ci ilin büdcə zərfində neftin bir barelinin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyən edilib:

“Hazırkı bazar qiymətinin bu göstəricidən təxminən 50 %-ə qədər yüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər. Lakin dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırılması üçün əsaslı baza hesab edirik.”

“Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək doğru deyil”

Deputatın sözlərinə görə, digər mühüm məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır:

“Bəzən bu fikir səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlılıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyunkturası hər an dəyişə bilər.”

Əsas sınaq gəlirlərin yüksək olduğu dövrdür

A.Əmiraslanov vurğulayıb ki, fiskal siyasət əlverişli konyunktura şəraitində də məsuliyyətli və qənaətyönümlü olmalıdır:

  • Dövlət maliyyə sistemində dayanıqlılığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür;

  • Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyunkturadan asılı olan fiskal siyasətə və son nəticədə maliyyə risklərinə gətirib çıxarır;

  • Əlverişli konyunkturada xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə isə maliyyə imkanları daralır.

Komitə sədri əlavə edib ki, yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın