Müəllif: haqqında – Beynəlxalq biznes və diplomatiya hüququ üzrə 15 ildən artıq zəngin təcrübəyə malik ekspert, Beynəlxalq Vəkillər Assosiasiyasının (IBA) üzvü, ALC hüquq və audit şirkətinin təsisçisi və idarəedici partnyoru Cəmşid Sərdarlı xarici diplomatik nümayəndəliklərə illər boyu göstərdiyi hüquqi məsləhət xidmətlərindən süzülüb gələn təcrübəsinə əsaslanaraq, bu yazıda beynəlxalq münasibətlərin görünməyən hüquqi sərhədlərini və rəsmi protokollar arxasında gizlənən əsl reallıqları oxucularla bölüşür.
I Hissə
Giriş: Bağlı qapılar arxasında
Bir çoxumuz şəhərin ən nüfuzlu, tarixi və ya müasir memarlıq inciləri olan mərkəzi küçələrində addımlayarkən üzərində əcnəbi dövlətlərin bayraqları dalğalanan o əzəmətli binaların önündən adətən sakitcə keçib gedirik. Qapılarının qarşısında səssizcə keşik çəkən mühafizəçilərə və ya polis əməkdaşlarına baxanda isə adamda qəribə bir sual yaranır: görəsən, bu qapıların arxasındakı həyat necədir, orada nələr baş verir?
Qəribə səslənsə də, həmin qapıdan içəri addım atdığınız an, fiziki olaraq öz şəhərinizin mərkəzində qalsanız belə, hüquqi və siyasi baxımdan artıq öz ölkənizin sərhədlərini tərk etmiş sayılırsınız. Pasport nəzarəti, gömrük yoxlaması və ya təyyarə bileti olmadan bir neçə saniyə içində başqa bir dövlətin suverenlik zonasına daxil olursunuz.
Kənardan baxanlar, xüsusilə də gündəlik xəbər bülletenlərini izləyənlər üçün diplomatiya çox vaxt cazibədar və parıltılı bir səhnə kimi görünür, qırmızı xalçalar, diplomatik nömrə nişanlı zirehli avtomobillər, bahalı çilçıraqlar altında keçirilən təntənəli ziyafətlər, dəbli kostyumlu insanların kameralar önündəki nəzakətli təbəssümləri və soyuq əl sıxışmaları… Sanki bu peşə elə yalnız etiket qaydalarından və rəsmi mərasimlərdən ibarətdir.
Lakin bu gördükləriniz nəhəng bir aysberqin yalnız günəş altında parıldayan, gözə xoş gələn kiçik bir hissəsidir. O hündür hasarların, qalın pərdələrin və mühafizə kameralarının arxasında isə tamamilə fərqli qanunlarla işləyən paralel bir dünya gizlənir. Bu elə bir dünyadır ki, burada yerli polisin belə icazəsiz içəri daxil olmaq hüququ yoxdur, bütün məhkəmə qərarları belə bu divarlara çırpılıb geri qayıdır. 1961 və 1963-cü illər Vyana Konvensiyalarında ən xırda detallarına qədər cızılmış bu görünməz sərhədlərin daxilində “xüsusi statuslu insanlar” – toxunulmazlıq qalxanı ilə qorunan diplomatlar yaşayır və fəaliyyət göstərirlər.
Səfirlik həyatı vizual estetikadan və rəsmi ziyafətlərdən qat-qat dərin, bəzən isə son dərəcə gərgin bir şahmat oyununa bənzəyir. Burada şifrələnmiş məxfi teleqramlar, əsrlərdir dəyişməyən sərt protokol qaydaları və hüquqi prosedurlar bəzən yerləşdikləri ev sahibi ölkənin milli maraqları ilə kəskin şəkildə toqquşur. Bağlı qapılar arxasında pıçıltı ilə deyilən bir cümlə, imzalanan bir sənəd və ya sadəcə bir protokol jesti ya iki dövlət arasında tarixi bir ittifaqın təməlini qoya, ya da illərlə davam edəcək diplomatik böhranın ilk qığılcımına çevrilə bilər.
Miflərin reallıqla qarışdığı, hər bir gülümsəmənin altında gizli bir mesajın yatdığı və qanunların fərqli işlədiyi bu sirli aləmə – diplomatiyanın görünməyən sərhədlərinə səyahət etməyə hazırsınızmı? Beləliklə pərdə qalxır və biz bu qapalı dünyanın içərisinə qədəm qoyuruq…
Bir missiyanın başlanğıcı və ya səfir necə təyin olunur?
Dövlətlərarası münasibətlərin institusionallaşdırılması və xarici yurisdiksiyada milli mənafelərin hüquqi müdafiəsi diplomatik və konsulluq nümayəndəliklərinin təsisini şərtləndirən başlıca amildir. 1961 və 1963-cü il Vyana konvensiyalarının müddəalarına uyğun olaraq, qarşılıqlı razılıq prinsipi əsasında formalaşan bu təsisatlar üç strateji istiqamətdə fəaliyyət göstərir: dövlətin ali təmsilçiliyi vasitəsilə siyasi dialoqun qurulması, xaricdəki vətəndaşların hüquqi müdafiəsinin (konsul xidmətinin) təmin edilməsi, habelə iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və təşviqi.
Diplomatik missiyaya rəhbərlik isə, bir qayda olaraq, Fövqəladə və Səlahiyyətli Səfirə həvalə olunur. Səfir, akkreditə olunduğu ölkədə öz dövlət başçısının şəxsi nümayəndəsi və milli maraqların ali müdafiəçisidir. O, dövlətin rəsmi siması qismində ən yüksək səviyyəli danışıqların aparılması, dövlətlərarası müqavilələrin imzalanması və təyin olunduğu ölkədə öz vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsini həyata keçirir.
Beynəlxalq aləmdə bir dövləti digər dövlət qarşısında təmsil etmək səlahiyyəti hər kəsə nəsib olmayan ən yüksək etimad göstəricisidir. Lakin bu etimadın hüquqi müstəvidə rəsmiləşməsi üçün bir neçə mərhələdən ibarət ciddi sınaqlardan keçmək lazımdır.
Prosesin başlanğıc nöqtəsi pərdəarxası məsləhətləşmələr, yekunu isə təntənəli saray mərasimləri olur. Səfirin təyin olunma prosesi heç də rəsmi sərəncamla başlamır. Hər şeydən əvvəl, onu göndərən dövlət (məsələn, Azərbaycan) təyin etmək istədiyi şəxsin namizədliyini qarşı tərəflə gizli şəkildə razılaşdırmalıdır. Beynəlxalq hüquqda buna “Aqreman” (fransızca agrément – razılıq) deyilir. Bu mərhələdə qəbul edən dövlət namizədi araşdırır və onun öz ölkəsi üçün “arzuolunan” şəxs olub-olmadığına qərar verir. Əgər dövlət aqreman verməkdən imtina edərsə, bunu əsaslandırmaq məcburiyyətində deyil. Bu, diplomatiyanın ən həssas nöqtəsidir. Aqreman alana qədər namizədin adı ictimaiyyətə açıqlanmır ki, imtina halında həm dövlətin, həm də diplomatın nüfuzuna xələl gəlməsin.
Aqreman alındıqdan sonra isə daxili prosedurlar işə düşür. Azərbaycanda bu səlahiyyət müstəsna olaraq Prezidentə məxsusdur. Dövlət başçısının imzaladığı sərəncamla şəxs rəsmi olaraq “fövqəladə və səlahiyyətli səfir” statusunu qazanır. Lakin bu status hələ onun xarici ölkədə fəaliyyətə başlaması üçün kifayət deyil. Diplomat gedəcəyi ölkəyə “Etimadnamə” (Lettre de Créance) adlanan xüsusi sənədi aparmalıdır. Bu sənəd bir dövlət başçısının digərinə ünvanladığı rəsmi məktubdur və orada qəbul edən tərəfdən xahiş olunur ki, səfirin söylədiklərini dövlət başçısının sözləri kimi qəbul etsinlər.
Yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfir fəaliyyət göstərəcəyi ölkəyə gəldikdən dərhal sonra öz etimadnaməsinin surətini (copie d’usage) qəbul edən tərəfin Xarici İşlər Nazirliyinə təqdim edir. Bu ilkin prosedurdan sonra, adətən 30 günlük müddət ərzində, onu diplomatik missiyanın rəsmi təsdiq mərasimi gözləyir. Səfir dövlət başçısı (monarx, prezident və s.) tərəfindən ali səviyyədə qəbul edilməli və öz dövlət başçısının imzaladığı etimadnamənin əslini (lettres de créance) şəxsən ona təqdim etməlidir.
Bəs etimadnamədə nə yazılır? Etimadnamə (fr. Lettres de créance) – bir dövlət başçısının digər dövlət başçısına ünvanladığı və təyin olunan səfirin ölkəsini təmsil etmək səlahiyyətini rəsmən təsdiqləyən ən ali diplomatik sənəddir. 1961-ci il Vyana Konvensiyasına görə, səfir məhz bu sənədi qəbul edən ölkənin rəhbərinə təqdim etdiyi andan vəzifəsinin icrasına tam səlahiyyətli şəxs kimi başlamış sayılır.
Sərt protokol qaydalarına əsasən tərtib olunan etimadnamədə, ilk növbədə, qəbul edən dövlət başçısına ən yüksək ehtiram ifadələri (“Zati-aliləri”, “Böyük və Əziz Dostum”) ilə müraciət edilir və iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirmək arzusu bildirilir. Daha sonra Fövqəladə və Səlahiyyətli Səfir təyin edilən şəxsin tam adı qeyd olunur və qarşı tərəfdən xahiş edilir ki, onu ehtiramla qəbul edərək dövlət başçısının adından söyləyəcəyi hər bir sözə tam etimad göstərsin (sənədin adı da məhz buradan qaynaqlanır). Mətn qarşı tərəfə rifah arzuları, verildiyi yer və tarix, göndərən dövlət başçısının şəxsi imzası, Xarici İşlər Nazirinin əks-imzası və dövlətin gerbli möhürü ilə tamamlanır. Maraqlı protokol detalı kimi, yeni səfir bu sənədlə yanaşı, sələfinin səlahiyyətlərinin bitdiyini təsdiqləyən Geriçağırılma Fərmanını da (Lettres de rappel) özü ilə gətirir.
Bəzən bu cür rəsmi görüşlərdə səfirlərin ailə üzvlərini, hətta balaca uşaqlarını belə görə bilirik. Etimadnamənin təqdim olunması mərasimində (xüsusilə Ağ Evdə, Bukingem sarayında və bir çox Avropa ölkələrində) səfirin həyat yoldaşının və övladlarının iştirakının bir neçə mühüm diplomatik və hüquqi səbəbi vardır. Etimadnamənin təqdim olunması mərasimində səfirin ailə üzvlərinin iştirakı hüquqi baxımdan məcburi deyil, lakin beynəlxalq diplomatik protokolda dərin rəmzi və praktiki məna daşıyan qədim ənənədir.
Bu jest ev sahibi ölkəyə səfirin missiyasının tam dinc, səmimi və uzunmüddətli dostluq niyyəti daşıdığını göstərən saray protokolundan qaynaqlanır. Hüquqi müstəvidə isə 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik toxunulmazlıq və imtiyazlar səfirin onunla birlikdə yaşayan ailə üzvlərinə də şamil edildiyi üçün, bu təqdimat onların ev sahibi dövlət tərəfindən missiyanın bir hissəsi kimi rəsmən tanınması deməkdir. Eyni zamanda, müasir diplomatiyada səfirin həyat yoldaşı mədəni və humanitar sahələrdə “yumşaq güc” elçisi rolunu oynadığından, mərasimdəki iştirak onun ictimai fəaliyyətə rəsmi başlanğıcı hesab olunur. Protokol qaydalarına görə, ailə üzvləri yalnız rəsmi salamlaşma və fotoçəkiliş hissəsində iştirak edir, ikitərəfli siyasi müzakirələr başladıqda isə zalı tərk edirlər.
Səfirlərin və beynəlxalq müstəvidə öz ölkəsini təmsil edən diplomatların missiyası adətən ya öz dövləti tərəfindən geri çağırıldıqda (Resaqreman), ya da qəbul edən dövlətin kəskin etirazı ilə “Persona non grata” (arzuedilməz şəxs) elan edildikdə başa çatır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, səfirin təyin olunma prosesi sadəcə bir məmur təyinatı deyil, iki suveren dövlətin bir-birinə açdığı etimad qapısıdır.
Diplomatın müqəddəs missiyası
Diplomat mənsub olduğu xalqın mədəniyyətini, tarixini və milli maraqlarını öz şəxsiyyətində cəmləşdirən canlı simvoldur. Bu missiya elə bir məsuliyyət yüküdür ki, diplomatın hər bir addımı və kəlməsi fərdi mülahizə deyil, təmsil etdiyi dövlətin iradəsinin təzahürü kimi qəbul edilir.
Bəzən müharibələrin qarşısını alan, iqtisadi və mədəni tərəfdaşlığı dərinləşdirən, ölkəsinin dostlarının sayını artıran məhz diplomatın peşəkar fəaliyyətidir. Münasibətlərin ən böhranlı mərhələlərində belə dialoq qapısını açıq saxlamaq bacarığı bu peşənin mühüm tərəfidir. Beynəlxalq diplomatik masada bir millətin taleyini və strateji hədəflərini qorumaq yalnız seçilmiş şəxslərə nəsib olan “intellektual cəngavərlik” nümunəsidir.
Bu etimad diplomata həm ölkəsinin nüfuzunu formalaşdırmaq şərəfini bəxş edir, həm də onu dövlətçilik tarixinin ayrılmaz parçasına çevirir. Unutmaq olmaz ki, bir diplomatın qazandığı strateji qələbə onilliklər, hətta əsrlər boyu dövlətin gələcək taleyini müəyyən etmək qüdrətinə malikdir.
Müasir dünyada diplomatik postlara təyinatlar heç də həmişə peşəkarlıq və səriştəlilik prinsiplərinə əsaslanmır. Bəzən bu vəzifələr insanlara siyasi sadiqlik, qohumluq əlaqələri və ya daxili siyasətdəki xidmətlərə görə bir növ “mükafat” olaraq verilir. Belə hallar isə çox vaxt beynəlxalq münasibətlər sistemində ciddi böhrana (Təsadüfi təyinatların kölgəsində qalan diplomatiyanın meydana çıxmasına) səbəb ola bilər. Bu praktikanın nəticəsi olaraq bir çox ölkələrdə bu peşənin fundamental qaydalarından və strateji dərinliyindən xəbərsiz olan şəxslər (kabinet diplomatları) diplomatik korpusların rəhbərliyinə gətirilir. Təəssüflə qeyd etməliyik ki, həm keçmişdə, həm də bu gün Azərbaycan təcrübəsində belə diplomatların sayı heç də az deyil.
Bu qrup diplomatlar üçün ən vacib məqam real nəticə deyil, sadəcə tədbirlərdə iştirak etmək, mərkəz üçün hesabatlar hazırlamaq və rəsmi protokollarda şəkillər çəkdirməkdən ibarətdir. Milli maraqların kəskin müdafiəsi və ya çətin danışıqlar aparmaq əvəzinə, onlar sadəcə mövcud status-kvonu (vəziyyəti) qorumaqla gün keçirirlər. Nəticədə səfirliklərin arxivləri icrası reallaşmayan “əməkdaşlıq haqqında” kağızlarla dolsa da, istər ölkələrin iqtisadi münasibətləri, istər hərbi, istərsə də mədəniyyət sahəsində heç bir real irəliləyiş müşahidə olunmur.
Belə tendensiya isə təkcə dövlətin xarici arenadakı çəkisini azaltmır, həm də ömrünü bu peşəyə həsr etmiş həqiqi diplomatların motivasiyasını və etibarını ciddi şəkildə zədələyir.
Peşəkar diplomatın portreti – Beynəlxalq təcrübə və diplomatiya tarixi göstərir ki, yaxşı diplomat sadəcə xarici dil bilən məmur deyil, o, strateq, psixoloq və hətta aktyorluq kimi peşələrin vəhdətini özündə birləşdirməlidir. Tarixin böyük diplomatları (Talleyran, Metternix, Qromıko və s.) və müasir nəzəriyyələr ideal diplomatın portretini bu cür təsvir edir: Diplomatiyada uğur qazanmağın təməlində “Polad yumruğu məxmər əlcəkdə” gizlətmək bacarığı dayanır. Yaxşı diplomat üçün ən mühüm xüsusiyyət sarsılmaz təmkin nümayiş etdirməkdir. O, qarşı tərəfin ən kəskin təzyiqi və ya təxribatı qarşısında belə soyuqqanlığını qorumalıdır. Məşhur bir deyimdə bəhs edildiyi kimi: “Diplomat sizi cəhənnəmə elə bir nəzakətlə göndərməyi bacarmalıdır ki, siz hətta həmin səyahət üçün yol hazırlığına başlayasınız”.
Bu peşə, rəqibin psixoloji portretini və mümkün manevrlərini zərgər dəqiqliyi ilə təhlil etməyi, eyni zamanda şəxsi hissləri keçilməz bir sipər arxasında ustalıqla gizlətməyi tələb edir.
Siyasi Manevrlər və Sözlərin Savaşı – Diplomatiyanın sarsılmaz qızıl qaydaları ən sadə ifadələrin belə ilkin mənasından uzaqlaşaraq tamamilə yeni mahiyyət kəsb etməsini şərtləndirir. Bu xüsusi lüğətdə səslənən “hə” yeni manevrlər üçün zəmin hazırlayan bir “bəlkə”, “bəlkə” isə nəzakətli imtinanın zərif forması sayılan “yox” anlamını daşıyır. Beləliklə, hər bir ifadə real niyyətləri pərdələyən diplomatik sipər funksiyasını yerinə yetirir.
Tərəflər arasında “baxış bucaqlarının üst-üstə düşməməsi” qeyd olunduqda, bu, artıq nəzakətli pərdə arxasında dərin və barışmaz qarşıdurmanın rəsmən elanı kimi qəbul edilməlidir. Eyni məntiqlə, “konstruktiv və səmimi keçən müzakirələr” tərəflərin bir-birini dinləmək mədəniyyəti nümayiş etdirdiyini, lakin ortaq məxrəcə gəlmək yolunda heç bir real irəliləyişin olmadığını incə bir estetiklə simvolizə edir. Bu yolla ən kəskin həqiqətlər sülhün və dialoqun qorunması naminə zərifcə kodlaşdırılır.
Təsadüfi deyil ki, diplomatiyanın ən ali prinsipi ehtirasın iddialarını məntiqin süzgəcindən keçirmək və ritorikanı reallıqla cilovlamaq sənəti kimi xarakterizə olunmasıdır. Burada səmimiyyət yalnız strateji hədəfə xidmət etdikdə dəyər qazanır, sükut isə bəzən ən kəsərli arqumentdən daha kəskin cavab təsiri bağışlayır. Həqiqi diplomat təkcə deyilənləri deyil, sətiraltı mənaları və “səssiz mesajları” eşitməyi, rəsmi sənədlərdəki bir vergülün belə daşıdığı nəhəng siyasi çəkini hiss etməyi bacaran analitik təfəkkür nümayiş etdirməlidir.
Tarixi biliklərə söykənməyən diplomatik fəaliyyət isə danışıqlar masasında məğlubiyyəti qabaqcadan şərtləndirir. Beynəlxalq hüququn təməl prinsipləri, xüsusilə Vyana Konvensiyaları diplomatın arsenalındakı ən güclü silahdır.
Sual oluna bilər ki, Vyana Konvensiyalarının verdiyi bu imtiyazlar olmasaydı nə baş verərdi və nəyə görə diplomatlara toxunulmazlıq və ya xüsusi status verilir? Əgər bu zəmanətlər olmasaydı, səfirliyin öz statusuna və fəaliyyət imkanlarına görə adi bir mənzil-kommunal istismar sahəsindən heç bir fərqi qalmazdı və dövlətlərarası münasibətlərdə “girov diplomatiyası” hökm sürərdi. Qəbul edən ölkənin yerli qanunları və güc strukturları qarşısında müdafiəsiz qalan diplomat nə öz dövlətinin sirlərini qoruya, nə də təzyiq altında müstəqil danışıqlar apara bilərdi. Nəticədə heç bir ölkə öz nümayəndəsini hüquqi zəmanəti olmayan başqa bir dövlətə göndərməz, kiçik siyasi mübahisələr isə dialoq masasında müzakirə olunmaq əvəzinə ölkələr arasında hər an dərin böhranlara yol açardı.
Peşəkar diplomatik fəaliyyət təkcə öz ölkəsinin maraqlarını qorumaqla kifayətlənmir, həm də qarşı tərəfin daxili siyasətini və ictimai nəbzini dərindən analiz etməyi şərtləndirir. Unutmaq olmaz ki, həqiqi diplomatiya rəsmi iclas otaqlarının soyuqluğundan daha çox, qeyri-rəsmi görüşlərin sərbəstliyində, bir qəhvə süfrəsi ətrafındakı dialoqların səmimiyyətində və strateji zəka döyüşlərində təzahür tapır.
Rəsmi kabinetlərin sərhədlərini aşaraq ev sahibi ölkənin cəmiyyəti ilə canlı təmas qurmaq və insanların qəlbinə yol tapmaq diplomatın əsl ustalığıdır. Bu yolda səmimi, mehriban və mərhəmətli insan kimi hərəkət etmək diplomatiyaya xüsusi ruh verir. Məsələn, Böyük Britaniya və ABŞ səfirlərinin Azərbaycanın bölgələrinə səfər etmələri, dilimizdə danışmaları və milli bayramlarımızı bizimlə birgə qeyd etmələri adi nəzakət jesti deyil. Bu, xalqın dərin rəğbətini qazanmağa hesablanmış uzaqgörən “yumşaq güc” siyasətidir. Çünki eyni məqamda həm gözəl natiq, həm baxışlarında dərin məna olan hüquqşünas, həm də insan ruhunu oxuyan soyuqqanlı psixoloq olmağı bacarmaq nadir istedad nümunəsidir.
Trampın Nəzakətli Müharibəsi – Diplomatik leksikon ABŞ prezidenti Donald Trampın da tez-tez müraciət etdiyi kimi sadəcə bəlağətli sözlər toplusu deyil, Klassik diplomatiya ənənələrində liderlər bir-birinə ‘Cənab Prezident’ və ya ‘Zati-aliləri’ kimi rəsmi titullarla müraciət edərək dövlətlərarası məsafəni qoruduqları halda, Tramp protokolu kənara qoyaraq “My friend” (Mənim dostum) ifadəsinə üstünlük verir. Bu, sadəcə bir müraciət forması deyil, rəsmiyyəti sındırmaq və məsələni dövlətlərarası müstəvidən şəxsi sövdələşmə (deal-making) müstəvisinə keçirmək üçün hesablanmış bir taktikadır. O, bu yanaşma ilə qarşı tərəfə birbaşa mesaj verir: “Mən sənin təmsil etdiyin dövlətlə deyil, şəxsən səninlə razılaşıram.”
Trampın tez-tez müraciət etdiyi “Great people” və ya “My friend” kimi səmimi görünən ifadələr isə, əslində rəqibin müdafiə mexanizmlərini zəiflətməyə xidmət edən strateji yüklü vasitələrdir. Psixoloji nöqteyi-nəzərdən birinə “dostum” deyə xitab etmək, danışıqlar masasında ona “yox” deməyi çətinləşdirir və qarşı tərəfdə mənəvi öhdəlik hissi yaradır. Beləliklə, Tramp klassik diplomatiyanın soyuqluğunu şəxsi yaxınlıq illüziyası ilə əvəz edərək, strateji üstünlük qazanmağa əksər hallarda nail olur.
Dünyada Trampı daha çox dövlət siyasətini və beynəlxalq diplomatiyanı mənfəət-zərər prinsipi üzərində qurulmuş biznes sövdələşməsi kimi idarə edən praqmatik iş adamı kimi görürlər. Lakin mənə görə o, bu biznes alətlərindən qlobal siyasi nizamı dəyişmək üçün məharətlə istifadə edən populist bir liderdir.
Sözün Qüdrəti və Liderin Nüfuzu – Diplomatik korpusun əksər üzvləri adətən texniki işlərin icrası ilə məşğul olsalar da, hər zaman onların arasında qlobal masada rəqiblərini məharətlə “mat” edə bilən tək-tük insanlar olur. Bu dahi şəxsiyyətlər üçün diplomatiya sadəcə bir xidmət sahəsi və ya karyera pilləsi deyil o, bir həyat tərzi və intellektual döyüş meydanıdır. Onlar üçün hər bir görüş, söylədikləri hər bir kəlmə milli suverenliyin qorunmasına yönələn strateji gedişlərdir. Həqiqi diplomatik uğurlar isə mərkəzdən gələn şablon tapşırıqlarla deyil, həmin “tək-tük” şəxsiyyətlərin sahib olduğu dərin fəhm, cəsarət və dövlətçiliyə bağlılıq sayəsində qazanılır.
Bütün bu bacarıqların zirvəsində isə sarsılmaz vətənpərvərlik və dürüstlük dayanmalıdır. Dünyaca məşhur ingilis diplomatı və “diplomatiyanın müqəddəs kitabı” sayılan eyniadlı əsərin müəllifi Sir Harold Nikolsonun qeyd etdiyi kimi, həqiqi diplomatiya hər şeydən əvvəl dürüstlük, dəqiqlik və sarsılmaz təmkin üzərində qurulmalıdır.
Buna ən bariz nümunə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən ali dərəcəli diplomat kimi beynəlxalq aləmdə qazandığı nüfuzunu göstərmək olar. Dövlət başçısı və strateq kimi bütün dünya liderləri onun “sözünə sadiq rəhbər” olduğunu, verdiyi vədlərin arxasında durduğunu və dəyişməyən prinisipial mövqeyini dəfələrlə etiraf ediblər. Bu keyfiyyət müasir beynəlxalq münasibətlər sistemində bir dövlət xadimi üçün ən böyük diplomatik kapital hesab olunur. Çünki diplomatiya masasında ən kəskin arqument dövlətin gücü olsa da, ən etibarlı təməl liderin dürüst və dəyişməz mövqeyidir.
Azərbaycan diplomatiya tarixinə öz fəaliyyəti ilə silinməz izlər qoyan, dövlətinə və xalqına misilsiz töhfələr bəxş edən peşəkar diplomatlardan biri olan mərhum Vəfa Quluzadə, müstəqil xarici siyasət kursunun əsas memarlarından biri kimi yaddaşlara həkk olunub. Onun Rusiyanın imperiya maraqlarının pərdəarxası məqamlarını, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mürəkkəb danışıqlarda qabaqcadan sezməsi və Qərb istiqamətində strateji tərəfdaşlıqlar qurmaqla bu təzyiqləri balanslaşdırması milli maraqların qorunmasında əvəzsiz bir məktəb rolunu oynayır. Vəfa müəllimin nümayiş etdirdiyi uzaqgörənlik, regional geosiyasi oyunların daxili qatlarını analiz etmək baxımından bu gün də gənc diplomatlar üçün fundamental təcrübə mənbəyi sayılır.
Azərbaycan diplomatiya tarixinin ən parlaq simalarından biri də hər kəsin sevgisini qazanmış və ölkəmizdə böyük nüfuz sahibi olan professor Hafiz Paşayevdir O, Azərbaycanın müstəqillik tarixinin ən kritik dövrlərindən birində (1992–2006) ölkəmizin ABŞ-dakı ilk Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsini icra etmişdir. Hafiz Paşayevin Azərbaycanın ABŞ-da beynəlxalq səviyyədə tanınmasında, 907-ci düzəliş kimi çətin maneələrin aradan qaldırılması istiqamətində apardığı işlər və strateji enerji layihələrinin (xüsusilə Bakı-Tbilisi-Ceyhan) Vaşinqton tərəfindən dəstəklənməsində müstəsna xidmətləri vardır. Onun Azərbaycan-ABŞ münasibətlərini və şəxsi diplomatik təcrübəsini əks etdirən ‘Bir səfirin manifesti’ kitabı isə bu sahədə çalışan mütəxəssislər və diplomatlar üçün mühüm elmi və praktik dərslik mahiyyəti daşıyır.
Azərbaycanın müasir xarici siyasət məktəbinin formalaşmasında müstəsna xidmətləri olan və yüksək peşəkarlığı ilə seçilən görkəmli simalardan biri də keçmiş xarici işlər naziri və səfir Tofiq Zülfüqarovdur. T. Zülfüqarov diplomatiya tariximizdə hər şeydən əvvəl öz sarsılmaz prinsiplərinə sadiqliyi ilə tanınır. Xüsusilə, 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində danışıqlar prosesində Azərbaycanın milli maraqlarına zidd olan bəndlərə kəskin etiraz edərək vəzifəsindən istefa verməsi, onun nə dərəcədə ləyaqətli, vətənpərvər və prinsipial bir mövqe sahibi olduğunun ən bariz göstəricisidir.
Diplomatik Etikanın Sərhəddi – Tarixi sübut edir ki, xalqın və dövlətin taleyində həlledici rol oynayan şəxsiyyətlər diplomatik fəaliyyətlə kommersiya maraqlarını heç vaxt eyni müstəvidə birləşdirmir. Peşəkar nüfuzun biznes imkanlarına qurban verildiyi mühitlərdən fərqli olaraq, Vəfa Quluzadə, Hafiz Paşayev və Tofiq Zülfüqarov kimi dövlət xadimləri öz fəaliyyətlərini müstəsna olaraq dövlətçilik ideallarına həsr etməklə seçilir. Onlar üçün diplomatiya, öz övladlarına dəbdəbəli həyat bəxş edən bir qazanc mənbəyi deyil, milli maraqların sərhədlərini qoruyan mənəvi, strateji və şərəf dolu bir missiyadır.
Həqiqətən də, “missiya adamı” ilə “mənfəət adamı” eyni kürsüdə heç zaman uzun müddət qala bilməz. Bu cür şəxsiyyətlərin xarakterindəki daxili bütövlük, onları qısa müddətli maddi mənfəətlərdən uzaq tutaraq tarixin yaddaşında təmənnasız dövlət adamı kimi saxlayır. Diplomatiyanı sadəcə “iş” kimi deyil, milli tale yüklü xidmət kimi qəbul edən həmin dövlət xadimləri, gələcək nəsillər üçün peşəkarlıq və dürüstlük simvoluna çevrilir.
Bu üç şəxsiyyətin mirası təkcə keçmişin uğuru deyil, həm də gələcəyin diplomatik qələbələri üçün ilham mənbəyi və real fəaliyyət modelidir.
Şəxsiyyət yoxsa Mənfəət – Bəzən diplomatik müstəvidə dövlət maraqlarını şəxsi biznes ambisiyaları ilə uzlaşdırmağa çalışan simalara rast gəlinsə də, bu cür təsadüfi fiqurların milli tale yüklü məsələlərdə öz mənəvi bütövlüyünü və prinsipiallığını qoruması qeyri mümkündür. Çünki hər addımda mənfəət və missiya arasında seçim etmək məcburiyyəti, şəxsiyyətin sarsılmaz prinsiplərini ucuz ehtirasların və xırda hesabların qarşısında aciz qoyur. Bu tip “vəzifəli tacirlər” xalqın yaddaşında heç vaxt ləyaqətli bir sima kimi yer almır, çünki biznesin “nə qazana bilərəm?” iştahası ilə diplomatiyanın “nəyi qorumalıyam?” andı fərqli qütblərə xidmət edir.
Milli maraqların başladığı yerdə şəxsi qazanc ehtirası, bir qayda olaraq, ağ bayraq qaldırmağa məhkumdur. Zira vətən sevgisi ilə gəlir faizi tamamilə fərqli dəyər ölçülərinə dayanır. Şəxsi mənfəətini dövlət möhürünün kölgəsində böyüdən məmur, fərdi maraqlarını milli hədəflərdən üstün tutmaqla öz mənəvi avtoritetini birdəfəlik itirir. Belələri tarixin səhifələrindən silinməyə və gələcək nəsillərin yaddaşında daim lənətlə xatırlanmağa məhkumdur.
Həqiqi dövlət adamları və diplomatlar üçün ən böyük sərmayə isə bank hesablarındakı pulun məbləği deyil, onun sarsılmaz prinsipləri və sadiq qaldığı dövlətçilik idealları sayılır. Biznes maraqlarının əsirinə çevrilən diplomat və ya məmur, danışıqlar masasında rəqib qarşısında mənəvi baxımdan zəifləyir və öz ölkəsinin maraqlarını deyil, şəxsi kapitalının təhlükəsizliyini düşünməyə başlayır.
Sir Harold Nikolsona görə, bir diplomatın uğuru onun rəsmi bəyanatlarından çox, yaratdığı etimad mühiti və intellektual keyfiyyətləri ilə ölçülür. Bu prinsiplər sübut edir ki, diplomatik fəaliyyət sadəcə bir təmsilçilik deyil, dövlətin ləyaqətini qlobal miqyasda qoruyan ali bir peşədir. Çünki, etibarsız diplomat bir dəfə uduza bilər, lakin onun səhvinin əvəzini dövləti illərlə ödəmək məcburiyyətində qalar.
Müasir dövrün diplomatları klassik protokol qaydalarına sədaqət nümayiş etdirməklə yanaşı, həm də çevik bir “yumşaq güc” (soft power) mütəxəssisi olmalıdırlar.
Bu gün fəaliyyətin səmərəliliyi təkcə fundamental tarixi və hüquqi biliklərlə deyil, həmçinin rəqəmsal diplomatiya alətlərinə (Dövlətin mədəniyyətini, dəyərlərini və uğurlarını onlayn platformalar, sərgilər və sənədli filmlər vasitəsilə xarici ölkələrin vətəndaşlarına tanıtmaq, Sosial Media Diplomatiyası, Twiplomacy, müəyyən bir regionda baş verən hadisəyə sosial şəbəkələrin reaksiyasını ölçərək çevik siyasət müəyyən etmək və sairə) dərindən bələd olmaq və yüksək psixoloji dayanıqlılıqla ölçülür.
Əsl diplomat üçün milli maraqlar qlobal arenada təkcə müdafiə obyekti deyil, həm də inandırıcı bir doktrina şəklində təqdim olunmalı olan strateji hədəfdir. O, gərginliyin ən kəskin anında belə ünsiyyət körpülərini qorumağı bacaran siyasi moderator, eyni zamanda ölkəsinin iqtisadi potensialını xarici bazarlara inteqrasiya edən iqtisadi elçidir.
Xüsusilə yəhudi diplomatiya məktəbinə xas olan praqmatik iqtisadi intellektlə hərəkət edən bu missiyanın daşıyıcıları fəaliyyət göstərdiyi cəmiyyətin sosial-mədəni kodlarını peşəkar bir tədqiqatçı kimi bütün incəliklərinə qədər analiz edə bilir. Unutmaq olmaz ki, bir diplomatın masada qazandığı zəfər, bəzən orduların meydanda əldə etdiyi qələbədən daha böyük olur.
Diplomatik missiyanın strukturu və beynəlxalq standartlar
1961-ci il Vyana Konvensiyasına və «Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, diplomatik nümayəndəlik rəhbərləri iyerarxik qaydada müvafiq siniflərə bölünüməklə, bütün dünyada vahid və standart bir sistemə tabedir. Bu sistem dövlətlər üçün ümumi qaydaları müəyyən edir ki, diplomatlar getdikləri hər bir ölkədə öz statuslarını və mövqelərini dəqiq bilsinlər. Bu kateqoriyaya dövləti beynəlxalq müstəvidə ən yüksək səviyyədə təmsil etmək səlahiyyətinə malik olan aşağıdakı şəxslər daxildir:
- Fövqəladə və səlahiyyətli səfir: Dövlətin xarici ölkədəki ali təmsilçisi və missiyanın rəhbəri.
- Təmsilçilik ofisinin rəhbəri: Səfirlik statusu daşımayan xüsusi diplomatik missiyaların və ya nümayəndəliklərin başçısıdır. Bu növ missiyaların fəaliyyəti, əsasən, iqtisadi, mədəni və ya humanitar əməkdaşlığın koordinasiya edilməsinə yönəlmişdir. Nümunə üçün: Azərbaycan Respublikasının Fələstin Dövlətindəki Təmsilçilik Ofisi 2023-cü ildən etibarən bu formatda fəaliyyət göstərməkdədir.
- Daimi nümayəndə və Nümayəndə: Ölkəni BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarda təmsil edən missiya rəhbərləridir.
- Səfirin və daimi nümayəndənin müavini: Rəhbər şəxsin əsas köməkçisidir, rəhbər ölkədə olmadıqda onu tam səlahiyyətlə əvəz edir (Müvəqqəti İşlər Vəkili statusunda).
- Müşavir (Counselor): Diplomatik nümayəndəliyin rəhbərindən (səfirdən) sonra gələn yüksək rütbəli diplomatik vəzifəli şəxs. O, nümayəndəliyin əsas siyasi analitiki, strateji məsləhətçisi və müəyyən istiqamətlər (siyasi, iqtisadi, mədəni və s.) üzrə fəaliyyətin əlaqələndirilməsində həlledici rol oynayan şəxsdir.
- Katiblər (I, II və III Katib): Siyasət, iqtisadiyyat və humanitar sahələr üzrə analitik hesabatlar hazırlayan peşəkar mütəxəssislər.
- Attaşe: Mətbuat, hərbi və ya mədəniyyət kimi konkret sahələrə məsul olan ən kiçik diplomatik vəzifə sahibləri.
- Baş Konsul və Konsul: Dövlətlərarası siyasi münasibətlərdən ziyadə, vətəndaşların hüquqi yardımı və viza məsələləri ilə məşğul olan məsul şəxslər. Səfirliklərin tərkibində bu vəzifəni adətən “Konsulluq şöbəsinin rəhbəri” icra edir.
Bəzi hallarda dövlətlər bir ölkə daxilində eyni vaxtda bir neçə Baş konsulluqlar təsis edirlər. Bu, adətən, həmin ölkənin siyasi və iqtisadi cəhətdən çoxqütblü olması ilə əlaqədardır. Məsələn, bir dövlət paytaxtdakı səfirliklə yanaşı, həm maliyyə mərkəzi olan bir şəhərdə, həm də mühüm liman və ya sənaye bölgəsində ayrı-ayrı Baş Konsulluqlar aça bilər. Bu, “diplomatik şəbəkələşmə” strategiyasının bir hissəsidir. Burada məqsəd yalnız vətəndaşlara xidmət deyil, hətta bir coğrafi və ya demoqrafik zərurət olmasa belə, dövlətin həmin bölgədəki diplomatik və iqtisadi varlığını gücləndirmək məqsədi daşıyır.
Nəzərə alınmalıdır ki, diplomatik vəzifələrin iyerarxiyası sadəcə bir sıralama deyil, peşəkar fəaliyyətin intizam və səlahiyyət çərçivəsini müəyyən edən fundamental qaydadır. Lakin bəzi ölkələrdə spesifik fərqlər də mövcuddur. Böyük Britaniya və ABŞ kimi dövlətlərin səfirlikləri geniş heyətə malik olduğu üçün burada “Səfir müavini” (Deputy Chief of Mission) və ya “Nazir-müşavir” kimi əlavə keçid vəzifələri də olur.
Təyinat prinsipləri də ölkələrə görə fərqlənir: ABŞ-da səfirlərin bir qismi peşəkar diplomatlar, digər hissəsi isə prezident tərəfindən təyin edilən “siyasi fiqurlar” (məsələn, iş adamları) olduğu halda, Almaniya və Fransa kimi Avropa ölkələrində səfirlər demək olar ki, yalnız pillə-pillə yüksələn karyera diplomatlarıdır. Harold Nikolsonun da qeyd etdiyi kimi, adlar və təyinat üsulları dəyişə bilər, lakin diplomatik xidmətin etikası və mahiyyəti universal olaraq qalmalıdır.
Bəzən səfirlikdə çalışan hər kəs diplomat hesab edilsə də, reallıqda heyət arasında kəskin funksional fərqlər mövcuddur. Mühasiblər, kargüzarlar, sürücülər və mühafizə xidməti kimi inzibati-texniki heyət diplomatik iyerarxiyaya daxil deyil və diplomat statusu daşımır, onlar yalnız prosesin təşkilati və texniki tərəfini idarə edirlər. Bundan əlavə, səfirliyin gündəlik təsərrüfat işlərinə baxan bağban və aşpaz kimi əməkdaşlar isə xidməti heyət kateqoriyasına daxil edilirlər.
Diplomatik Maskaların Arxasındakı Kəşfiyyatçılar – Səfirliklərin rəsmi ziyafətlərində cingildəyən büllur qədəhlərin və nəzakətli təbəssümlərin kölgəsində, dünya güclərinin görünməyən əlləri “Boz Kardinallar” öz gizli oyunlarını idarə edirlər. Burada sözlər silah, təbəssümlər isə qalxandır. Bu dünyada “diplomat” maskası taxmış kəşfiyyatçılar dövlətlərin uzaq paytaxtlardakı “gözü və qulağı” funksiyasını yerinə yetirirlər. Bu, beynəlxalq münasibətlərin hər kəsə bəlli olan, lakin uca səslə deyilməyən ‘açıq sirridir’. Adətən Müşavir, İkinci Katib və ya zərərsiz görünən bir Mədəniyyət Attaşesi rütbəsi daşıyan bu ‘kölgə adamlar’, əslində 1961-ci il Vyana Konvensiyasının təqdim etdiyi diplomatik toxunulmazlıq zirehinə bürünmüş kəşfiyyat zabitləridir.
Bununla belə, bu ‘gizli ordu’ hər diplomatik missiyada eyni sıxlıqla mövcud olmur. Kölgə diplomatiyasının kəşfiyyatçı əməkdaşları, bir qayda olaraq, strateji maraqların toqquşduğu böyük dövlətlərin və ya gərgin münasibətlərin hökm sürdüyü ölkələrin səfirliklərində cəmləşirlər. Dövlətlər hər diplomatik nümayəndəliyə xüsusi xidmət əməkdaşı göndərməyi zəruri hesab etməyə bilər, bu ‘şahmat fiqurları’ yalnız geopolitik oyunun taleyinin həll olunduğu, rəqabətin və riskin ən yüksək olduğu paytaxtlara yerləşdirilir. Bu da onu göstərir ki, kəşfiyyatın diplomatik örtük altında fəaliyyəti universal deyil, selektivdir. O, yalnız yüksək risk və strateji dividend vəd edən diplomatik korpuslarda cəmləşir.
Məqalənin ikinci, üçüncü və dördüncü bölümlərində aşağıdakı mövzular əhatə olunacaqdır:
- Yad Ölkədə Doğma Ünvan, Konsulluq Sizin Üçün Nələr Edə Bilər?
- Pasportun Arxasındakı Güc
- Zirehli Divarların Hekayəsi
- Qanunların Savaşı, Diplomatik İmtiyaz Yerli Əmək Məcəlləsinə Qarşı
- Diplomatik Nümayəndəliklərin Statusu və Vergi İmtiyazları
- Toxunulmazlıq Çətiri
- Persona Non Grata, Arzuolunmaz Qonağın Qapı Arxasındakı Taleyi
- Azadlıq, Yoxsa “Qızıl Qəfəs”?
- Diplomatların Sərhəd Tanımayan İqtisadi İmtiyazları
- Diplomatik Kuryer Çantasının Gücü
- Səfirlik Ərazisi Həqiqətənmi Başqa Ölkənin Torpağıdır?
- Diplomatların Maddi Təminatı
- Diplomatiyanın gələcəyi, Bu peşəni seçməyə dəyərmi?
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


