Rəsmi Bakı Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir.
Realist.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi brifinqdə bəyan edib.
Sülh sazişinin imzalanması üçün əsas şərt
Nazir xatırladıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində iki ölkə tərəfindən paraflanıb:
“Saziş ictimaiyyət üçün açıqdır, dərc edilib. Azərbaycan tərəfinin mövqeyi həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi sənədə son imzanı bir şərtlə qoymağa hazırdır ki, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir”.
Yeni layihədəki irəliləyiş və yekun imza perspektivi
Ceyhun Bayramov Ermənistan Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya mətnini açıqlamasına münasibət bildirərək, bu istiqamətdə irəliləyişin müşahidə olunduğunu qeyd edib:
“Mən bu layihə ilə bağlı şərh vermək istəmirəm. Yenə də deyirəm, bu, onların daxili işidir. Bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın. Yeni layihədə görünür ki, bu müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk”.
XİN başçısı əlavə edib ki, Ermənistan daxilində konstitusiya prosesinin nə zaman başa çatacağı bu ölkənin rəhbərliyindən və cəmiyyətindən asılıdır: “Bu məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması qarşısında əlavə maneə qalmayacaq”.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


