İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Azərbaycana ekstradisiyası həyata keçirilib.
Realist.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Cinayət işinin təfərrüatları
Məlumata görə, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri ÇXR-də müəyyən olunub və o, saxlanılıb.
Beynəlxalq hüquqi əməkdaşlıq və təslim edilmə
Ədliyyə Nazirliyinin səlahiyyətli qurum olduğu “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğu və aparılan danışıqlar nəticəsində təqsirləndirilən şəxsin Azərbaycana ekstradisiyasına razılıq verilib:
-
Təhvil prosesi: Rüstəm İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Çindən Bakıya gətirilib.
-
Qətimkan tədbiri: Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə lazımi hüquqi tədbirlərin davam etdirildiyi bildirilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
