Daşkəsən rayonunda məktəblilərin ali təhsil müəssisələrinə hazırlıq səviyyəsinin yüksəldilməsi və regionda təhsilin inkişafına dəstək məqsədilə yeni Tədris Mərkəzi fəaliyyətə başlayıb.
Realist.az-ə bu barədə “AzerGold” QSC-dən məlumat verilib.
Bildirilib ki, Tədris Mərkəzi “AzerGold” QSC-nin təşəbbüsü və maliyyə dəstəyi ilə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yaradılıb. Layihənin əsas məqsədi regionda təhsil imkanlarını genişləndirmək, şagirdlərin ali məktəblərə qəbul göstəricilərini yüksəltmək və gələcək peşə seçimlərinə dəstək olmaqdır.
Mərkəzin yaradılması çərçivəsində bina əsaslı təmir olunaraq müasir tədris tələblərinə uyğunlaşdırılıb, zəruri avadanlıq və inventarla təchiz edilib. Tədris prosesinin təşkili və idarə olunması 2012-ci ildən təhsil sahəsində fəaliyyət göstərən “BANİ Seminariyası” ilə əməkdaşlıq əsasında həyata keçirilir.
216 şagird üçün nəzərdə tutulan mərkəzdə hazırda VII–X siniflər üzrə 108 məktəbli diaqnostik imtahanların nəticələrinə əsasən seçilərək ödənişsiz hazırlıq kurslarına cəlb olunub.
Qeyd edək ki, mərkəzin fəaliyyət xərcləri, şagirdlərin dərs vəsaitləri ilə təminatı, eləcə də ucqar kəndlərdə yaşayan 90 nəfərədək məktəblinin gediş-gəliş xərcləri “AzerGold” tərəfindən qarşılanır.
Layihə çərçivəsində regionda məşğulluğun artırılması da nəzərdə tutulub. Hazırda 23 nəfər işlə təmin edilib. Ümumilikdə isə 36 yeni iş yerinin yaradılması planlaşdırılır.
“AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə təhsilin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində müxtəlif sosial layihələr həyata keçirir. Bu təşəbbüslərə “Gələcəyin mədənçisi” layihəsi, ali və peşə təhsili üzrə təqaüd proqramı, eləcə də məktəblilərin mütaliə vərdişlərinin inkişafına yönələn layihələr daxildir.


© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


