Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, beynəlxalq tədbirlərdəki çıxışları və dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Dövlətimizin başçısı bu platformalarda dünyada baş verən proseslərə, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına, ikili standartlar siyasətinə münasibətini açıq şəkildə ifadə etməklə yanaşı, Azərbaycanın mövqeyini, ölkəmizin inkişaf modelini və beynəlxalq təşəbbüslərini də geniş auditoriyaya çatdırır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, ölkəmizin xarici tərəfdaşlarla əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat verir.
Bu fikirləri Realist.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibəni şərh edərkən bildirib.
Deputat qeyd edib ki, dövlətimizin başçısının müsahibəsində Azərbaycan-Vyetnam münasibətlərinin tarixi, müasir vəziyyəti və gələcək inkişaf perspektivləri geniş şəkildə əksini tapıb. Onun sözlərinə görə, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələri uzunmüddətli tarixi köklərə əsaslanır və son dövrlərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Elman Nəsirov bildirib ki, Azərbaycan-Vyetnam münasibətlərinin təməli onilliklər əvvəl qoyulub. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayıb. 1983-cü ildə isə Sovet İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub.
Deputatın sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə səfərin müddətinin səkkiz günədək uzadılması və Vyetnamın əsas regionlarını əhatə etməsi əməkdaşlığın genişləndirilməsinə xüsusi töhfə verib. Həmin səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına dəstək göstərməklə yanaşı, uzunmüddətli tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib.
O vurğulayıb ki, sonrakı illərdə də bu dostluq ənənələri qorunub saxlanılıb və siyasi əlaqələrin inkişafı üçün mühüm addımlar atılıb. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayıb.
Elman Nəsirov diqqətə çatdırıb ki, ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadi, ticarət, enerji və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi üçün də yeni imkanlar yaradıb.
Deputat bildirib ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlıq yalnız dövlət başçıları səviyyəsində siyasi təmaslarla məhdudlaşmır. Hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları vasitəsilə də səmərəli dialoq aparılır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr münasibətlərin siyasi və institusional əsaslarını daha da möhkəmləndirir.
Onun sözlərinə görə, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini tamamlayan mövqelər nümayiş etdirir. Xüsusilə BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda əməkdaşlıq Bakı ilə Hanoy arasında siyasi dialoqun genişlənməsinə xidmət edir. Bu, münasibətlərin bərabərhüquqluluq, qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslandığını göstərir.
Elman Nəsirov iqtisadi-ticari əməkdaşlığın da böyük perspektivlərə malik olduğunu vurğulayıb. O bildirib ki, 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Bununla belə, mövcud göstəricilər Azərbaycan və Vyetnamın iqtisadi potensialını və qarşılıqlı əməkdaşlıq imkanlarını tam əks etdirmir.
Deputat qeyd edib ki, enerji sektoru ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Milli Neft və Qaz Şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət üçün imkanlar mövcuddur. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının genişləndirilməsi də qarşılıqlı investisiya əlaqələrinin inkişafına töhfə verə bilər.
Deputat humanitar sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsində mədəniyyət, təhsil və humanitar layihələr mühüm rol oynayır. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi Azərbaycan-Vyetnam humanitar əlaqələrinin inkişafına mühüm töhfədir.
Elman Nəsirov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin də bu baxımdan əhəmiyyətini vurğulayıb. Səfər çərçivəsində Vyetnamın dövlət və ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlərin keçirilməsi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyinin göstərilməsi humanitar əməkdaşlığın konkret nəticələrindəndir.
Deputat fikirlərini yekunlaşdıraraq bildirib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın yeni məzmunla zənginləşdirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu səfər Azərbaycanla Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın gələcək inkişafına yeni təkan verəcək.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


