Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin xarici siyasətində mühüm hadisə olmaqla yanaşı, ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Sənəd siyasi əlaqələrin genişləndirilməsi, iqtisadi imkanların artırılması və Azərbaycanın regional mövqeyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri Milli Məclisin deputatı Elnarə Akimova Realist.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Böyük Britaniya beynəlxalq siyasətdə nüfuzlu mövqeyə, güclü maliyyə və texnoloji imkanlara malik dövlətdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları və Şərqlə Qərbi birləşdirən nəqliyyat infrastrukturu isə ölkəmizi Böyük Britaniya üçün strateji tərəfdaşa çevirir. Onun sözlərinə görə, qarşılıqlı maraqlara əsaslanan münasibətlər əməkdaşlığın uzunmüddətli inkişafı üçün əlverişli zəmin yaradır.
E.Akimova vurğulayıb ki, Azərbaycan-Böyük Britaniya əməkdaşlığının ənənəvi istiqamətlərindən biri enerji sektorudur. BP şirkətinin 30 ildən artıqdır Azərbaycanda həyata keçirdiyi fəaliyyət ölkəmizin neft-qaz sənayesinin inkişafında və beynəlxalq enerji bazarlarına çıxışında mühüm rol oynayıb. Yeni sənəd isə bu əməkdaşlığın bərpaolunan enerji, yaşıl texnologiyalar və aşağı karbon iqtisadiyyatı istiqamətində genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
Deputatın fikrincə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də mühüm əhəmiyyət kəsb edir. Hərbi kadrların hazırlanması, birgə təlimlər, müasir texnologiyaların öyrənilməsi və müdafiə sənayesinin inkişafı Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə töhfə verə bilər.
O bildirib ki, nəqliyyat və logistika sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlər mövcuddur. Xüsusilə Orta Dəhlizin inkişafı Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit qovşağı kimi mövqeyini daha da gücləndirir. Bu istiqamətdə beynəlxalq investisiyaların və texnoloji dəstəyin cəlb edilməsi yükdaşımaların artırılmasına və ölkəmizin regional nəqliyyat mərkəzi kimi imkanlarının genişlənməsinə xidmət edə bilər.
E.Akimova iqtisadi əməkdaşlığın digər istiqamətlərinə də diqqət çəkib. Qeyd edib ki, ticarət və investisiyaların şaxələndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə, təhsil, rəqəmsallaşma və innovasiya sahələrində əlaqələrin inkişafı qeyri-neft sektorunun potensialının artırılması baxımından vacibdir. Bu əməkdaşlıq yeni texnologiyaların iqtisadiyyata tətbiqinə, ixtisaslı mütəxəssislərin hazırlanmasına və ölkəmizin rəqabət qabiliyyətinin yüksəldilməsinə imkan verə bilər.
Deputat sənədin siyasi əhəmiyyətini də xüsusi vurğulayıb. Bildirib ki, tərəflərin dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini bir daha təsdiqləməsi Azərbaycanın beynəlxalq hüquqa əsaslanan xarici siyasət mövqeyi baxımından əhəmiyyətlidir. Böyük Britaniyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dəstək ifadə etməsi də regionda davamlı sülh və sabitliyin təmin olunmasına töhfə verə bilər.
E.Akimova diqqətə çatdırıb ki, strateji sənədlərin əhəmiyyəti yalnız imzalanması ilə deyil, onların konkret layihələrə, investisiyalara, yeni iş yerlərinə və qarşılıqlı iqtisadi faydaya çevrilməsi ilə ölçülür. Bu baxımdan, əldə olunmuş razılaşmaların ardıcıl icrası və əməkdaşlığın nəticələrinin mütəmadi qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


