EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Prezident İlham Əliyevin Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Zirvə görüşündə iştirakı və keçirdiyi görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun göstəricisidir. Dövlət başçısının bir gün ərzində Avropanın dövlət və hökumət başçıları, eləcə də nüfuzlu iqtisadi və siyasi təşkilatların rəhbərləri ilə 30 görüş keçirməsi ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.

Bu fikirləri Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva Realist.az-a açıqlamasında bildirib.

Professor qeyd edib ki, Prezident İlham Əliyevin Dublin səfərinin ən mühüm nəticələrindən biri Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi olub. Onun sözlərinə görə, Avropanın və dünyanın siyasi-iqtisadi güc mərkəzlərindən biri olan Böyük Britaniya ilə belə bir sənədin imzalanması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.

K.Əliyeva bildirib ki, Bəyannamədə iqtisadi və ticarət əlaqələri, investisiyalar, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər xüsusi yer tutur. Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcminin 40 milyard dollara yaxınlaşması iki ölkə arasında iqtisadi əməkdaşlığın miqyasını göstərir.

O vurğulayıb ki, sənədin siyasi baxımdan mühüm məqamlarından biri Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin bir daha təsdiqlənməsidir.

Professorun sözlərinə görə, Prezident İlham Əliyevin xarici siyasətinin əsas prioritetini Azərbaycan dövlətinin və xalqının milli maraqlarının qorunması təşkil edir. Dövlət başçısının həyata keçirdiyi praqmatik və çoxşaxəli siyasət dünyanın aparıcı dövlətləri ilə etimada və ortaq maraqlara əsaslanan münasibətlərin qurulmasına imkan yaradır.

K.Əliyeva diqqətə çatdırıb ki, Bəyannamədə siyasi məsələlərlə yanaşı, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Azərbaycanla Böyük Britaniya arasında ənənəvi enerji sahəsində 30 ildən artıqdır davam edən əməkdaşlıq mövcuddur. Yeni sənəd isə bərpaolunan enerji, xüsusilə yaşıl enerji istiqamətində əlaqələrin inkişafına əlavə təkan verə bilər.

O, Orta Dəhlizin inkişafının da Bəyannamədə mühüm istiqamətlərdən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda Avropa ilə Asiyanı birləşdirən geniş nəqliyyat-logistika infrastrukturu yaradılıb. Böyük Britaniyanın bu dəhlizin inkişafına dəstək verməsi və Azərbaycanla sözügedən sahədə əməkdaşlığın genişləndirilməsi ölkəmizin həm iqtisadi, həm də strateji maraqlarına xidmət edir.

Professor sonda bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkəmizin dinamik inkişafına, siyasi və iqtisadi baxımdan daha da güclənməsinə mühüm töhfə verəcək.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın