Ermənistan parlamentinin sədri Ruben Rubinyan müxalifətçi Arsen Gevorqyanın həbsdə vəfat etməsi faktının siyasi müstəvidə müzakirə olunmasına etiraz edib.
“Realist.az”ın “Armenpress”ə istinadən verdiyi məlumata görə, Rubinyan məsələni parlamentin bugünkü iclasında şərh edib.
O, ilk növbədə Gevorqyanın ailəsinə başsağlığı verib və penitensiar müəssisələrdə saxlanılan şəxslərin sağlamlıq vəziyyətinə nəzarət sisteminin araşdırılmasının zəruriliyini vurğulayıb. Bununla yanaşı, müxalifətin mərhumu siyasi məhbus kimi təqdim etməsini və baş verənlərə görə hakimiyyəti məsuliyyətli saymasını tənqid edib.
Rubinyanın sözlərinə görə, hadisəyə siyasi yanaşmadan imtina edilməli, diqqət həbsxanalarda tibbi nəzarətin səviyyəsinə və mövcud mexanizmlərin effektivliyinə yönəldilməlidir.
Xatırladaq ki, “Güclü Ermənistan” partiyasının Stepanavanda keçirilən yerli seçkilərdəki namizədlər siyahısına rəhbərlik edən Arsen Gevorqyan noyabrın 10-da “Nubaraşen” penitensiar müəssisəsində dünyasını dəyişib. O, oktyabrın 21-də seçicilərə rüşvət verməkdə ittiham olunaraq həbs edilmiş, lakin irəli sürülən ittihamları qəbul etməmişdi.
Faktla bağlı cinayət işi başlanılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


