Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Tamaz Boraşvili nümayəndə heyəti ilə birlikdə Azərbaycana rəsmi səfərə gəlib.
Realist.az-a bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.
Məlumata görə, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını vurğulayıb. O, həmçinin iki ölkənin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.
Tamaz Boraşvili səmimi qəbula görə minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə tərəflər mövcud strateji tərəfdaşlıq münasibətlərini, qarşılıqlı maraq doğuran məsələləri, regionda baş verən son prosesləri və müasir təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


