Könül xanım, Azərbaycanda uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi istiqamətində mövcud qanunvericiliyi necə qiymətləndirirsiniz? Bu sahədə əlavə hüquqi mexanizmlərə ehtiyac varmı?
– Uşaqların hüquqlarının qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hesab edirəm ki, bu sahədə hüquqi bazanın formalaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb.
BMT-nin Uşaq Hüquqları Konvensiyası və Avropa Şurasının Lanzarote Konvensiyası bu istiqamətdə hüquqi öhdəlikləri müəyyənləşdirən mühüm beynəlxalq sənədlərdir. Xüsusilə Lanzarote Konvensiyasının ratifikasiyası və onun müddəalarına uyğun olaraq milli qanunvericiliyə dəyişikliklərin edilməsi uşaqların cinsi istismardan müdafiəsi baxımından əhəmiyyətlidir.
2022-ci ilin dekabrında qəbul edilmiş qanunvericilik dəyişiklikləri ilə yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdə cinsi məqsədlərlə təqib edilməsi də cinayət məsuliyyəti yaradan əməllər sırasına daxil edilib. Bu, müasir dövrün çağırışlarına hüquqi reaksiyanın nümunəsidir.
Eyni zamanda, yeni “Uşaq hüquqları haqqında” qanunvericilik bazası uşağa qarşı zorakılığın ailədə, təhsil və tibb müəssisələrində, sosial xidmət sahəsində, eləcə də internet məkanında yolverilməzliyini təsbit edir. Burada mühüm məqamlardan biri də uşaqlarda zorakılıq əlamətlərini aşkar edən müvafiq şəxslərin aidiyyəti qurumlara məlumat vermək öhdəliyinin müəyyənləşdirilməsidir.
Uşaqlara qarşı cinsi zorakılıq hallarının qarşısının alınması üçün cəzaların sərtləşdirilməsi ilə yanaşı, hansı qabaqlayıcı tədbirlər görülməlidir?
– İlk növbədə qeyd edim ki, uşağa qarşı cinsi zorakılıq insanın gələcək həyatına, psixoloji sağlamlığına və şəxsiyyətinin formalaşmasına ağır zərbə vuran cinayətdir. Belə əməllərə görə cəzanın labüdlüyü və adekvatlığı təmin edilməlidir. Amma yalnız cəza siyasəti ilə kifayətlənmək olmaz. Çünki cinayət baş verdikdən sonra təqsirkarın cəzalandırılması uşağın yaşadığı travmanı aradan qaldırmır.
Bu baxımdan risklərin erkən aşkarlanması, təhlükəsiz mühitin yaradılması və maarifləndirmə vacib şərtlərdəndir. Bir mühüm məqamı da vurğulamaq istəyirəm: uşağın təhlükəsizliyi ilə bağlı məsuliyyət yalnız valideynlərin deyil, bütövlükdə cəmiyyətin və dövlət institutlarının üzərinə düşür. Belə cinayətlərin bəzən ailədə və yaxın çevrədə baş verməsi problemin vaxtında aşkarlanmasını çətinləşdirir.
Uşaqların müdafiəsi üçün məktəblərdə və məktəbəqədər təhsil müəssisələrində hansı nəzarət mexanizmləri gücləndirilməlidir?
– Bu, məsələnin ən həssas tərəflərindən biridir. Çünki cinsi zorakılıq hər zaman uşağın tanımadığı şəxs tərəfindən törədilmir. Bəzən təhlükə uşağın etibar etdiyi, gündəlik ünsiyyətdə olduğu şəxslərdən qaynaqlana bilər. Belə hallarda uşaq təhdid edildiyi və ya baş verənləri necə ifadə edəcəyini bilmədiyi üçün uzun müddət susmağa məcbur olur.
Hesab edirəm ki, məktəb və məktəbəqədər təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə dair xüsusi standartların tətbiqi vacibdir. Uşaqlarla işləyən əməkdaşların işə qəbulu zamanı müvafiq hüquqi yoxlamalar aparılmalıdır. Cinsi toxunulmazlıq əleyhinə cinayətlərə görə məhkumluğu olan şəxslərin uşaqlarla işləməsi birmənalı şəkildə yolverilməzdir.
Digər mühüm məsələ nəzarət sistemidir. Videomüşahidə sistemləri ümumi və uyğun məkanlarda, şəxsi həyatın toxunulmazlığı qorunmaqla tətbiq oluna bilər. Eyni zamanda, müəllim və digər əməkdaşlarla uşaqlar arasında təkbətək ünsiyyət üçün şəffaf davranış qaydaları müəyyən edilməlidir.
Uşaq bilməlidir ki, başına gələn hadisəni danışdığına görə günahlandırılmayacaq və onun müdafiəsi təmin olunacaq.
Uşaqların internetdə cinsi istismar və onlayn təhdidlərdən qorunması üçün qanunvericilikdə hansı yeniliklərə ehtiyac var?
– İnternet və sosial şəbəkələr uşaqların həyatının ayrılmaz hissəsinə çevrilib. Təəssüf ki, bu imkanlardan sui-istifadə edən şəxslər də mövcuddur. Azərbaycan qanunvericiliyində bu istiqamətdə artıq mühüm addımlar atılıb. Lanzarote Konvensiyasının tələblərinə uyğun olaraq, uşaqların sosial şəbəkələrdə cinsi məqsədlərlə təqib edilməsi cinayət məsuliyyətinə səbəb olan əməl kimi müəyyənləşdirilib.
Burada əsas məsələ ondan ibarətdir ki, valideyn nəzarəti ilə yanaşı, rəqəmsal platformalar da uşaqların müdafiəsinə görə məsuliyyət daşımalıdır.
Valideynlərin maarifləndirilməsi və uşaqlara bədən toxunulmazlığı, şəxsi sərhədlər barədə biliklərin aşılanması istiqamətində dövlət səviyyəsində hansı proqramlar həyata keçirilməlidir?
– Uşaqların müdafiəsində ailənin rolu əvəzolunmazdır. Lakin valideynlərin də bu məsələdə kifayət qədər məlumatlı olması vacibdir. Bəzən valideynlər uşağın davranışındakı dəyişiklikləri yeniyetməlik dövrü və ya psixoloji həssaslıqla əlaqələndirirlər. Halbuki həmin dəyişikliklər müəyyən təhlükələrin siqnalı ola bilər. Ona görə də valideynlərin maarifləndirilməsini vacib sayıram.
Məktəbəqədər yaşdan başlayaraq uşaqlara yaşlarına uyğun formada bədən toxunulmazlığı haqqında məlumat verilməlidir. Burada məqsəd uşaqlarda qorxu yaratmaq deyil, onlarda özünü müdafiə bacarığı formalaşdırmaqdır.
Uşaqlara qarşı cinsi zorakılıq hallarının gizlədilməsi və ya vaxtında aidiyyəti qurumlara bildirilməməsi probleminin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
– Bu məsələdə ən təhlükəli yanaşmalardan biri hadisənin ailənin nüfuzuna, ictimai rəyə və ya şəxsi münasibətlərə görə gizlədilməsidir.
Biz cəmiyyət olaraq aydın başa düşməliyik ki, uşağa qarşı törədilmiş zorakılığın gizlədilməsi uşağın hüquqlarının ikinci dəfə pozulmasıdır. Heç bir ailə münasibəti, qohumluq əlaqəsi, sosial status və ya ictimai nüfuz uşağın təhlükəsizliyindən üstün ola bilməz.
Bu baxımdan, yeni “Uşaq hüquqları haqqında” qanunun 18-ci maddəsinə əsasən, uşaqlarda zorakılıq əlamətlərini aşkar edən valideynlər, təhsil, tibb, sosial xidmət və digər müvafiq sahələrin əməkdaşları bu barədə aidiyyəti hüquq-mühafizə orqanlarına və ya uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalara məlumat verməlidirlər. Hesab edirəm ki, bu hüquqi öhdəliyin icrasına ciddi nəzarət edilməlidir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


