2027-ci ilin birinci rübündən etibarən Azərbaycanda mikro sahibkarlıq subyektləri vergi bəyannamələrini mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış qaydada təqdim edə biləcəklər.
Realist.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisinin müavini Elmir Qarayev Bakıda keçirilən “Dövlət-biznes əməkdaşlığı forumu” çərçivəsində təşkil olunan “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” adlı panel müzakirəsində məlumat verib.
Bəyannamələrin avtomatlaşdırılması və texniki hazırlıq
DVX rəsmisi bildirib ki, say baxımından ölkədəki biznes subyektlərinin əksəriyyətini mikro və kiçik sahibkarlar təşkil edir. Bu səbəbdən onlar üçün “İnzibati icraat haqqında” qanunvericiliyin tətbiqi və inzibati prosedurların sadələşdirilməsi istiqamətində mühüm yeniliklər nəzərdə tutulur:
“Bu istiqamətdə hazırlıq işləri ötən il müzakirə edilib və müvafiq qanunvericilik layihəsi artıq təsdiqlənib. Növbəti ildən mikro sahibkarlıq subyektlərindən başlayaraq, mövcud məlumatlar əsasında bəyannamələrin mobil həllər vasitəsilə tam avtomatlaşdırılmış qaydada təqdim edilməsi prosesinə keçməyi planlaşdırırıq. Bununla bağlı texniki həllər artıq tamamlanmaq üzrədir. Sahibkarların 2027-ci ilin I rübünün hesabat dövründən etibarən bu imkandan yararlanacağı gözlənilir”.
Vergi və bank sistemlərinin inteqrasiyası
Elmir Qarayev əlavə edib ki, vergi orqanları ilə bankların elektron informasiya sistemlərinin inteqrasiyası biznesin təsdiqi prosesini də avtomatlaşdıracaq. Yəni elektronlaşmış dövlət və maliyyə sistemlərindəki mövcud bazalar əsasında sahibkarlıq fəaliyyətinin təsdiqlənməsi əlavə sənəd tələb olunmadan həyata keçiriləcək.
Risk əsaslı nəzarət və məşğulluq hədəfləri
Rəis müavininin sözlərinə görə, digər mühüm yenilik mikro və kiçik sahibkarlıq subyektlərinin iqtisadi imkanlarının genişləndirilməsi və məşğulluğun artırılması ilə bağlıdır. Dövlət Vergi Xidmətinin əsas hədəfləri aşağıdakılardır:
-
İnzibati araşdırmaların minimum səviyyəyə endirilməsi;
-
Vergi nəzarətinin maksimum dərəcədə risk əsaslı meyarlar üzərində qurulması;
-
Vergi və digər qanunvericilik tələblərinin sahibkarlar üçün daha asan və əlçatan edilməsi.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


