“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetlə görüşü və mətbuata verdiyi bəyanat ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, müstəqil xarici siyasətinin və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq strategiyasının növbəti göstəricisidir”.
Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı Realist.az-a açıqlamasında Azərbaycan–Kamboca münasibətlərinin inkişaf perspektivlərini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə siyasi, iqtisadi və humanitar əlaqələrini ardıcıl şəkildə genişləndirir. Onun sözlərinə görə, Kamboca ilə münasibətlərin inkişafı da bu siyasətin mühüm istiqamətlərindən biridir.
M.Qasımlı vurğulayıb ki, hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsi münasibətlərin möhkəm siyasi təməllərə əsaslandığını göstərir.
Deputatın fikrincə, Prezident İlham Əliyevin xarici siyasətinin mühüm üstünlüklərindən biri siyasi dialoqu konkret iqtisadi əməkdaşlığa çevirmək bacarığıdır. Bu baxımdan Azərbaycan və Kamboca arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, enerji, nəqliyyat, turizm və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir.
O qeyd edib ki, Azərbaycanın uğurlu dövlət idarəçiliyi təcrübəsinin beynəlxalq səviyyədə maraq doğurması da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modelinə Kamboca tərəfindən göstərilən maraq ölkəmizin innovativ idarəetmə sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq miqyasda tanındığını təsdiqləyir.
M.Qasımlı əlavə edib ki, təhsil və parlamentlərarası əlaqələrin inkişafı xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması mövcud tarixi əlaqələrin müasir dövrdə daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır.
Deputat Azərbaycan və Kambocanı birləşdirən mühüm məsələlərdən birinin də mina təhlükəsi ilə mübarizə olduğunu diqqətə çatdırıb. O bildirib ki, hər iki ölkə bu problemin ağır humanitar nəticələri ilə üzləşib.
“Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında basdırdığı minalar bu gün də insanların həyatına təhlükə yaradır və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını çətinləşdirir”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla davam etdirilir. Mina təhlükəsi ilə mübarizə sahəsində Kamboca ilə təcrübə mübadiləsi hər iki dövlət üçün faydalı ola bilər.
M.Qasımlı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərinin beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı etimad olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regionda yeni siyasi reallıqlar yaradıb.
Deputat qeyd edib ki, Azərbaycan bu gün yalnız milli maraqlarını müdafiə edən deyil, həm də beynəlxalq təhlükəsizliyə, sülhə və dövlətlərarası əməkdaşlığa mühüm töhfələr verən dövlətdir.
“ Kamboca Krallığının Baş nazirinin Azərbaycana səfəri bir daha göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və çoxşaxəli xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldir, yeni iqtisadi imkanlar yaradır və ölkəmizin dünya miqyasında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir”, – deyə deputat fikrini yekunlaşdırıb.
Şəlalə Camal
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
