Müharibə başlayandan bəri 28-ci dəfə: Zaporojye AES xarici enerji təchizatını tamamilə itirdi
Realist.az Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəsmi məlumatına istinadən xəbər verir ki, Zaporojye Atom Elektrik Stansiyası (ZAES) xarici elektrik enerjisi təchizatından tamamilə məhrum olub.
Hadisə stansiyanı qidalandıran sonuncu işlək xarici yüksəkgərginlikli elektrik verilişi xəttinin — “Ferrosplavnaya-1″in növbəti dəfə sıradan çıxması nəticəsində baş verib. Xarici enerji kəsildikdən dərhal sonra stansiyanın nüvə təhlükəsizliyi və soyutma sistemlərinin fəaliyyətini qorumaq məqsədilə qəza dizel generatorları avtomatik işə salınıb.
AEBA-nın açıqlamasına görə, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Zaporojye AES-də qeydə alınan sayca 28-ci tam enerji kəsintisidir (blekaut). Hazırda Agentliyin stansiyada fəaliyyət göstərən mütəxəssisləri elektrik verilişi xəttində baş verən qırılmanın dəqiq səbəbini və zədələnmə yerini müəyyənləşdirirlər.
Xatırlatma: Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES 2022-ci ilin mart ayından Rusiya qüvvələrinin nəzarəti altındadır. Stansiyanın bütün 6 enerji bloku “soyuq dayanma” rejimində saxlanılsa da, reaktorların soyudulması və radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz elektrik enerjisi həyati əhəmiyyət daşıyır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


