Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Realist.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları Milli Parkın işçiləri ilə birgə əməliyyat keçiriblər.
Tədbir zamanı Milli Parkın su hövzəsində qanunsuz balıq tutan S.Babayev saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 10 kiloqramdan artıq müxtəlif növ balıqlar və istifadəsi qadağan edilən ov alətləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
DİN-dən bildirilib ki, su bioresurslarının mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirləri davam etdirirlər.