Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən Realist.az-a bildirilib ki, iclasda radiotezliklərin ayrılması və birgə istifadəsi, istifadə ərazilərinin genişləndirilməsi, eləcə də peyk seqmentlərinin istismarı ilə bağlı hüquqi və fiziki şəxslərdən daxil olan müraciətlərə baxılıb.
Ümumilikdə 24 müraciət üzrə müvafiq qərarlar qəbul edilib. Müraciətlərin 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü gəmilərdə istifadə edilən radioavadanlıqlar, 2-si Qlobal Naviqasiya Peyk Sistemi (GNSS) məlumatlarının ötürülməsi, 2-si radiolokasiya və radionaviqasiya xidmətləri, 3-ü mobil rabitə xidmətləri üçün radiotezliklərin ayrılması, 2-si isə peyk seqmentlərinin istismarı ilə bağlı olub.
Baxılmış 24 müraciətin hamısı müsbət cavablandırılıb və ümumilikdə 40 radiotezlik kanalının ayrılması barədə qərar qəbul edilib.
Radiotezliklərin ayrılması barədə bildiriş alan istifadəçilər növbəti mərhələdə qanunvericiliyə uyğun olaraq konkret radiotezlik kanallarının qeydiyyata alınması, radiotezliklərdən istifadəyə dair müqavilələrin bağlanması, müvafiq ödənişlərin həyata keçirilməsi və radioelektron vasitələrin istifadəsinə icazə vərəqələrinin alınması üçün Dövlət Radiotezliklər İdarəsinə müraciət edəcəklər.
Qeyd edək ki, radiotezliklərin ayrılması, qeydiyyatı və istifadəsi Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na uyğun həyata keçirilir.
Həmin qaydalara əsasən, ölkə ərazisində istehsal edilən, modernləşdirilən və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər Radiotezliklər üzrə Dövlət Komissiyasına müraciət edirlər.
Radiotezliklər üzrə Dövlət Komissiyası radioelektron vasitələrdən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyinin artırılması, radiotezlik spektrinin bölünməsi və ayrılması sahəsində vahid siyasətin həyata keçirilməsi, eləcə də dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


