Ermənistanın uzun illər davam edən işğalı nəticəsində Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biri ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. İşğala son qoyulmasına baxmayaraq, bu təhlükə bu gün də insanların həyatına, ölkənin təhlükəsizliyinə, iqtisadi inkişafına və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə ciddi təsir göstərir.

Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev “Realist.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, mövcud hesablamalara əsasən, Azərbaycan ərazisinin təxminən 12-13 faizi mina və partlamamış hərbi sursatlarla çirklənib. Təqribən 1,5 milyondan artıq mina və partlamamış hərbi sursatın mövcudluğu barədə qiymətləndirmələr təhlükənin miqyasını göstərir. Bu rəqəmlər müharibənin ağır mirası ilə yanaşı, müharibədən sonrakı dövrdə ölkənin qarşılaşdığı humanitar və sosial-iqtisadi çağırışları da əks etdirir.

Deputat qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətini ardıcıl şəkildə davam etdirir. İndiyədək 298 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə 260 min 147 təhlükəli partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilib. Bununla belə, qarşıda hələ böyük işlər dayanır. Mütəxəssis hesablamalarına görə, geniş ərazilərin tam təmizlənməsi milyardlarla ABŞ dolları və uzun illər tələb edəcək.

R.Nəbiyev vurğulayıb ki, Azərbaycan bu ağır vəzifəni əsasən öz daxili maliyyə resursları hesabına həyata keçirir. Bu, dövlətin vətəndaşların təhlükəsizliyinə və azad edilmiş ərazilərin bərpasına məsuliyyətli yanaşmasının göstəricisidir.

O bildirib ki, mina təhlükəsinin ən ağır nəticəsi insan itkiləri və sağlamlığa vurulan zərərdir. Xarici İşlər Nazirliyinin 8 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra mina və partlayıcı sursat hadisələrindən zərər çəkmiş Azərbaycan vətəndaşlarının sayı 443 nəfərə çatıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin 23 sentyabr 2026-cı il tarixli statistikasına görə isə həmin tarixədək qeydə alınmış 275 mina hadisəsi nəticəsində 73 nəfər həyatını itirib, 367 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 1991-ci ildən bəri mina hadisələrindən zərər çəkənlərin ümumi sayı isə 4 mini ötüb.

Deputatın fikrincə, bu rəqəmlərin arxasında insan taleləri, dağılan ailələr, sağlamlığını itirən vətəndaşlar və uzunmüddətli sosial-psixoloji fəsadlar dayanır. Mina təhlükəsi insanların yaşından və peşəsindən asılı olmayaraq həyatını risk altına salır, kənd təsərrüfatı fəaliyyətini məhdudlaşdırır, yaşayış məntəqələrinə və nəqliyyat infrastrukturuna çıxışı çətinləşdirir, torpaqlardan səmərəli istifadəyə mane olur.

R.Nəbiyev hesab edir ki, humanitar minatəmizləməyə yalnız təhlükəsizlik tədbiri kimi yanaşmaq düzgün deyil. Bu fəaliyyət insan həyatının qorunması ilə yanaşı, sosial rifahın yüksəldilməsi, iqtisadi potensialın bərpası və dayanıqlı inkişaf üçün də zəruri şərtdir. Prezident İlham Əliyevin 2 sentyabr 2026-cı ildə IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciətində də humanitar minatəmizləmənin şəhər və kəndlərin bərpası, insanların təhlükəsiz qayıdışı və dayanıqlı inkişaf üçün əsas şərtlərdən biri olduğu vurğulanıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanda minatəmizləmə ayrıca fəaliyyət istiqaməti kimi deyil, təhlükəsizliyin təmin edilməsi, müasir şəhərsalma, infrastrukturun qurulması, ətraf mühitin bərpası, sosial reinteqrasiya və iqtisadi inkişafı birləşdirən vahid dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Böyük Qayıdış proqramının icrası da bilavasitə bu işlərin nəticələrindən asılıdır. Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin salınması, yolların çəkilməsi, enerji və kommunikasiya infrastrukturunun qurulması, kənd təsərrüfatının inkişafı və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışı minatəmizləmə fəaliyyəti ilə paralel aparılır.

R.Nəbiyevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yaşayan insanların ümumi sayı artıq 90 mini ötüb. Bu göstərici bərpa və məskunlaşma siyasətinin nəticələrini əks etdirsə də, hər bir yeni yaşayış məntəqəsinin istifadəyə verilməsi və ailələrin doğma yurdlarına təhlükəsiz qayıdışı minatəmizləmə işlərinin davamlılığını tələb edir.

Deputat Azərbaycanın mina problemini beynəlxalq gündəliyə çıxarmaq istiqamətində təşəbbüslərinə də diqqət çəkib. O bildirib ki, maliyyə resurslarının səfərbər edilməsi, müasir texnologiyaların tətbiqi, xüsusi avadanlıqların təmin olunması, mütəxəssis hazırlığı və təcrübə mübadiləsi minatəmizləmə prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

R.Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmənin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyənləşdirilməsi ideyası irəli sürülüb və Azərbaycan tərəfindən milli səviyyədə qəbul edilib. Bu təşəbbüsün əsas məqsədi mina və partlamamış hərbi sursatların yaratdığı təhlükənin yalnız ayrı-ayrı ölkələrin deyil, qlobal humanitar çağırış kimi qəbul olunmasına nail olmaqdır. Hazırda Azərbaycan diplomatiyası humanitar minatəmizləmənin beynəlxalq səviyyədə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi tanınması istiqamətində fəaliyyət göstərir.

Onun sözlərinə görə, mina təhlükəsi yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyi, insanların sağlamlığı, dayanıqlı yaşayış məntəqələrinin inkişafı, ətraf mühitin qorunması və iqtisadi imkanların genişləndirilməsi ilə birbaşa bağlıdır. Minalarla çirklənmiş torpaqlarda kənd təsərrüfatını inkişaf etdirmək, yaşayış məntəqələrini bərpa etmək və müasir infrastruktur qurmaq mümkün deyil. Buna görə də humanitar minatəmizləmənin qlobal inkişaf gündəliyində ayrıca prioritet kimi müəyyənləşdirilməsi beynəlxalq diqqətin və resursların artırılmasına xidmət edə bilər.

Deputat mina probleminin ekoloji və mədəni irsə təsirlərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. Bildirib ki, minalar insanların həyatı ilə yanaşı, torpaqların istifadəsini məhdudlaşdırır, təbii ekosistemlərə mənfi təsir göstərir, tarixi və mədəni abidələrə çıxışı çətinləşdirir, onların qorunması və bərpasına mane olur.

R.Nəbiyev xatırladıb ki, 2023-cü ildə Haaqa Konvensiyasına Tərəf Dövlətlərin 15-ci toplantısında Azərbaycanın məqsədyönlü diplomatik fəaliyyəti nəticəsində “Minaların mədəni irsə təsiri” ilə bağlı xüsusi qətnamə qəbul edilib. Onun sözlərinə görə, bu sənəd mina təhlükəsinin mədəni irsə təsirini beynəlxalq səviyyədə ayrıca diqqət mərkəzinə gətirib və problemin beynəlxalq hüquq müstəvisində müzakirəsinə töhfə verib.

Deputat əlavə edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə fəaliyyəti nəticəsində mühüm praktiki və institusional təcrübə qazanıb. Ölkəmiz bu təcrübəni mina çirklənməsindən əziyyət çəkən digər dövlətlərlə bölüşməyə, mütəxəssis hazırlığı, texnologiya və metodologiya mübadiləsi, eləcə də birgə layihələr vasitəsilə beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır.

R.Nəbiyevin fikrincə, Azərbaycanın mina təhlükəsi ilə mübarizəsi yalnız işğalın ağır nəticələrinin aradan qaldırılmasına yönəlmiş milli fəaliyyət deyil. Bu, insan həyatının qorunmasını, ərazilərin bərpasını, iqtisadi və sosial inkişafı, ekoloji təhlükəsizliyi, mədəni irsin mühafizəsini və beynəlxalq humanitar əməkdaşlığı birləşdirən çoxşaxəli dövlət siyasətidir. Müharibənin başa çatması onun bütün təhlükəli nəticələrinin aradan qalxması demək deyil. Dayanıqlı sülhün və təhlükəsiz gələcəyin təmin olunması üçün müharibədən qalan mina təhlükəsinin də aradan qaldırılması vacibdir.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın