İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının davamlılığının təmin olunması üçün daimi iş yerlərinin yaradılması və əhalinin sabit gəlir mənbələri ilə təmin edilməsi vacibdir. Bu ərazilərin iqtisadi potensialından səmərəli istifadə həm sahibkarlığın inkişafına, həm də keçmiş məcburi köçkünlərin yeni yaşayış yerlərinə uyğunlaşmasına şərait yarada bilər.

Realist.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, azad edilmiş ərazilərdə məşğulluq siyasəti hər bir rayonun özünəməxsus iqtisadi xüsusiyyətləri nəzərə alınmaqla qurulmalıdır. Kənd təsərrüfatı ilə yanaşı, turizm, dağ-mədən sənayesi, xidmət sektoru və istehsal müəssisələrinin inkişafı da yeni iş imkanları yarada bilər.

O qeyd edib ki, Xankəndi, Ağdərə, Ağdam və digər şəhərlərdə istehsal sahələrinin yaradılması iqtisadi fəallığın artırılması baxımından əhəmiyyətlidir. Bununla yanaşı, özünüməşğulluq proqramlarının genişləndirilməsi qayıdan əhalinin iqtisadi həyata inteqrasiyasına kömək edə bilər.

Azər Allahverənov vurğulayıb ki, məşğulluğun təmin edilməsi Böyük Qayıdışın əsas şərtlərindən biridir. İş və sabit gəlir olmadıqda insanların həmin ərazilərdə uzunmüddətli məskunlaşması çətinləşə bilər. Buna görə də yeni iş yerlərinin açılması ilə yanaşı, qayıdan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsinə də diqqət yetirilməlidir.

Deputat hesab edir ki, əhalinin əmək bazarının tələblərinə uyğun hazırlanması, özünüməşğulluq imkanlarının genişləndirilməsi və bu sahədə dövlət proqramlarının uzunmüddətli strategiya əsasında həyata keçirilməsi vacibdir. Mövcud imkanların qiymətləndirilməsi və nəticələrin mütəmadi təhlili məşğulluq siyasətinin daha səmərəli qurulmasına kömək edə bilər.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın