Hazırda dünyanın diqqəti ABŞ, Çin və Rusiya liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşə yönəlib. Sammit çərçivəsində müzakirə olunan əsas məsələlərdən biri də süni intellekt və rəqəmsal texnologiyaların gələcəyidir. Bu sahədə qlobal liderlik uğrunda rəqabət, xüsusilə ABŞ və Çin arasında münasibətlərin gələcək istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə Milli Məclisin deputatı Tural Gəncəliyev Realist.az-a açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, yeni dünya nizamının formalaşmasında süni intellekt və rəqəmsal texnologiyalar getdikcə daha həlledici rol oynayır. Hazırda bu sahədə qlobal liderlik uğrunda mübarizənin əsas iştirakçıları ABŞ və Çindir. Çünki hər iki dövlət süni intellektin inkişafı üçün zəruri olan texnoloji, maliyyə və enerji resurslarına malikdir.
T.Gəncəliyev qeyd edib ki, ABŞ-ın süni intellekt texnologiyalarının inkişafı və istehsalı baxımından Asiya, xüsusilə Tayvanın yarımkeçirici sənayesindən asılılığı Vaşinqtonun Pekinlə münasibətlərində mühüm amillərdən biridir. Tayvan məsələsinin ABŞ-Çin münasibətlərində həssas mövzulardan biri olduğunu vurğulayan deputat hesab edir ki, Donald Trampın Pekinlə dialoqunda bu amil xüsusi yer tutur.
O bildirib ki, Çin sözügedən texnoloji asılılıqdan və geosiyasi mövqeyindən danışıqlarda müəyyən təsir vasitəsi kimi istifadə etmək imkanına malikdir. Bu baxımdan, Pekinlə Vaşinqton arasında Tayvan məsələsi ilə yanaşı, süni intellekt və qabaqcıl texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirə olunması gözləniləndir.
Millət vəkili diqqətə çatdırıb ki, son dövrlərdə ABŞ-ın texnologiya sektorunda baş verən proseslər, süni intellekt şirkətlərinin bazar dəyərindəki dəyişikliklər və çip sənayesi ətrafında yaranan mübahisələr bu sahənin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Onun fikrincə, bütün bunlar ABŞ-ın süni intellekt sahəsində təkbaşına qlobal üstünlüyünü qorumasının mürəkkəbliyini göstərir.
T.Gəncəliyev hesab edir ki, üçtərəfli görüşdə Çin daha əlverişli mövqedən çıxış edən tərəflərdən biri kimi qiymətləndirilə bilər. Çünki Pekin həm texnoloji istehsal zəncirindəki mövqeyi, həm də regional və qlobal təsir imkanları baxımından Vaşinqton üçün mühüm tərəfdaşdır. Deputatın qənaətinə görə, bu reallıq ABŞ-ı Çinlə münasibətlərdə daha ehtiyatlı və praqmatik siyasət yürütməyə sövq edir.
O, süni intellekt sahəsində qlobal rəqabətin yalnız texnoloji üstünlüklərlə məhdudlaşmadığını, eyni zamanda enerji təhlükəsizliyi, təbii resurslar, ərazi və infrastruktur imkanları ilə sıx bağlı olduğunu vurğulayıb. Belə ki, süni intellekt sistemlərinin inkişafı və fəaliyyəti üçün böyük məlumat mərkəzləri, yüksək hesablama gücü, geniş enerji təminatı və su resursları tələb olunur.
Deputatın sözlərinə görə, bu baxımdan Arktika regionu və Qrenlandiya da böyük geosiyasi əhəmiyyət kəsb edir. ABŞ-ın Qrenlandiyaya marağı, Çinin Arktikaya yönələn diqqəti, eləcə də Vaşinqtonla Ottava arasında şimal əraziləri və strateji resurslarla bağlı fikir ayrılıqları rəqəmsal gələcək uğrunda rəqabətin coğrafi ölçülərini də üzə çıxarır.
T.Gəncəliyev bildirib ki, süni intellekt infrastrukturunun yaradılması üçün böyük ərazilər, enerji mənbələri və məlumat bazaları vacibdir. Bu səbəbdən coğrafi və təbii resurs imkanları geniş olan dövlətlər sözügedən sahədə daha əlverişli mövqeyə malikdirlər.
Deputat əlavə edib ki, ənənəvi hərbi və iqtisadi güc amilləri ilə yanaşı, rəqəmsal texnologiyalara nəzarət də beynəlxalq güc balansının əsas göstəricilərindən birinə çevrilir. ABŞ-ın Yaxın Şərq siyasəti, İranla bağlı proseslər və Rusiya-Ukrayna müharibəsi ətrafında formalaşan diplomatik yanaşmalar qlobal güc münasibətlərində dəyişikliklərin baş verdiyini göstərir.
Onun fikrincə, gələcək dövrdə süni intellekt və rəqəmsal texnologiyalar üzərində üstünlük əldə edən dövlətlər beynəlxalq sistemdə daha güclü mövqeyə sahib olacaqlar. ABŞ və Çin arasında bu sahədə rəqabətin dərinləşməsi isə yeni dünya nizamının formalaşmasına, hətta rəqəmsal idarəçilikdə ikiqütblü sistemin yaranmasına gətirib çıxara bilər.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


