Azad Kəlbəcər Azərbaycanın gücünün, tarixi Zəfərinin və quruculuq əzminin təcəssümüdür. Bu gün rayonda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri doğma yurda qayıdan sakinlərin həyatında yeni mərhələnin başlanğıcıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Realist.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, 2020-ci il noyabrın 25-i Azərbaycan xalqının yaddaşına tarixi Zəfərin mühüm səhifələrindən biri kimi həkk olunub. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb. Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur olub. Beləliklə, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə belə atılmadan işğaldan azad edilib.
V.Rəhimzadə diqqətə çatdırıb ki, həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Kəlbəcərin, şəhərin və rayonun bütün kəndlərinin ən müasir standartlara uyğun şəkildə yenidən qurulacağını bəyan edib. Bu vəd Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq strategiyasının əsas istiqamətlərindən birinə çevrilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə 25 noyabr tarixinin Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini bir daha təsdiqləyir. Bu gün həm 30 illik işğalın ağrı-acısını, həm 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri, həm də azad edilmiş ərazilərdə başlanan quruculuq prosesini özündə birləşdirir.
Deputat Kəlbəcərin işğal dövründə üzləşdiyi faciələrə də toxunub. Bildirib ki, rayon 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl 3054 kvadratkilometr ərazisi olan Kəlbəcərdə 53 min 478 nəfər yaşayırdı. İşğal nəticəsində 511 dinc sakin qətlə yetirilib, 321 nəfər əsir götürülüb və ya itkin düşüb. Rayon sakinləri Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olublar.
V.Rəhimzadə qeyd edib ki, işğal illərində Kəlbəcərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və infrastrukturuna ciddi ziyan vurulub, rayonun təbii sərvətləri talan edilib. Ermənistanın törətdiyi vandalizmin izləri bu gün də ərazidə qalmaqdadır. Rayonun işğalı və sonradan baş verən dağıntılar Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb.
Milli Məclisin deputatı vurğulayıb ki, işğaldan azad edildikdən sonra Kəlbəcər dövlət başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyevin rayona çoxsaylı səfərləri zamanı mühüm infrastruktur layihələrinin, yaşayış məntəqələrinin, tunellərin və enerji obyektlərinin təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib. Bütün bunlar sakinlərin doğma torpaqlarına qayıdışını sürətləndirməyə xidmət edir.
O bildirib ki, Nazirlər Kabinetinin 2024-cü il mayın 1-də qəbul etdiyi qərarla Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, şəhərin ərazisinin 290 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Ümumilikdə 2040-cı ilədək 4250 mənzilin inşası planlaşdırılır.
Deputatın sözlərinə görə, Baş plana uyğun olaraq şəhərdə dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə obyektləri və idman meydançaları inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması nəzərdə tutulur. Bu göstəricilər Kəlbəcərin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirildiyini göstərir.
V.Rəhimzadə diqqətə çatdırıb ki, rayonda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə yanaşı, enerji potensialının səmərəli istifadəsi istiqamətində də mühüm layihələr həyata keçirilir. Tərtər və Qaraarxac çayları üzərində yerləşən bir sıra kiçik su elektrik stansiyaları əsaslı şəkildə bərpa olunub, yeni stansiyalar inşa edilib.
O qeyd edib ki, Kəlbəcərin enerji potensialının inkişafı bölgənin dayanıqlı elektrik təminatına, iqtisadi fəallığın artmasına və yeni istehsal sahələrinin yaradılmasına mühüm töhfə verir.
Deputat vurğulayıb ki, görülən işlərin ən mühüm nəticələrindən biri sakinlərin doğma torpaqlarına qayıdışıdır. 2025-ci il avqustun 20-də Kəlbəcər şəhərinə ilk sakinlərin qayıdışı baş tutub. 25 avqust tarixində isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayonda bir sıra sosial obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak edib, yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, doğma yurdlarına qayıdan sakinlərlə görüşüblər.
V.Rəhimzadə bildirib ki, dövlət başçısının həmin görüşdə səsləndirdiyi fikirlər Kəlbəcərin azadlığının və yenidən qurulmasının mənəvi-siyasi əhəmiyyətini aydın ifadə edir. Otuz iki ildən sonra insanların doğma şəhərlərinə qayıtması tarixi ədalətin bərpasının, dövlətin gücünün və xalqın iradəsinin təntənəsidir.
Millət vəkili Kəlbəcərin təbii sərvətlərinin və turizm potensialının da rayonun gələcək inkişafında mühüm rol oynayacağını bildirib. Onun sözlərinə görə, hər daşı, qayası tarix olan Kəlbəcər öz zəngin təbiəti, dağlıq landşaftı, mineral və termal su ehtiyatları ilə canlı təbiət muzeyini xatırladır. Bu sərvətlər sırasında məşhur İstisu xüsusi yer tutur.
Deputat qeyd edib ki, dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən termal su mənbələrindən əldə olunan İstisu mineral suyu Azərbaycanın nadir təbii sərvətlərindəndir. Prezident İlham Əliyevin 2022-ci il iyunun 26-da təməlini qoyduğu İstisu mineral su zavodunun tikintisi 2024-cü ildə başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan müəssisədə 100-ə yaxın insan işlə təmin edilib. Onların əksəriyyətini Kəlbəcər və Laçın rayonlarının sakinləri təşkil edir.
V.Rəhimzadə vurğulayıb ki, Kəlbəcərdə həyata keçirilən layihələr yalnız infrastrukturun bərpasına deyil, həm də bölgədə iqtisadi həyatın canlanmasına, yeni iş yerlərinin yaradılmasına və dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir.
Deputat əlavə edib ki, 2026-cı il noyabrın 6-dək Kəlbəcərdə 162 ailə, ümumilikdə 681 nəfər daimi məskunlaşıb. Bu göstərici Böyük Qayıdışın real nəticələrini əks etdirir. Kəlbəcərdə ucaldılan yeni binalar, salınan yollar, yaradılan sosial infrastruktur və doğma yurdlarına qayıdan insanların sevinci bir daha təsdiqləyir ki, bu qədim diyarda həyat yenidən canlanır.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


