Ukrayna Prezidenti Volodimir Zelenski BBC-yə verdiyi müsahibədə hava hücumundan müdafiə sistemlərinin tədarükündəki gecikmələr və sülh danışıqlarının gedişatı fonunda ABŞ-ın mövqeyindən narazılığını ifadə edib. Onun sözlərinə görə, Vaşinqton Yaxın Şərqə həddindən artıq diqqət yönəldir və Ukraynaya yetərincə önəm vermir. «Təəssüf ki, onlar Yaxın Şərqə fokuslanıblar və onlara daha çox yardım göstərirlər. Bununla bağlı bizdə böyük suallar yaranır», — deyə Zelenski «Patriot» kompleksləri üçün raket tədarükünün ləngiməsindən danışarkən bildirib. O vurğulayıb: «Bu raketlərin çatışmazlığı insan həyatıdır».
Ukrayna prezidenti həmçinin Donald Trampın Vladimir Putinlə dostluq münasibətləri saxlamaq cəhdlərini tənqid edib. «O, təcavüzkar və qatildir… Dost ola bilməz. Sadəcə ola bilməz», — deyə Zelenski ABŞ prezidentinin Rusiya liderini qucaqladığı halda paylaşdığı fotonu şərh edərkən söyləyib.
Sülh danışıqlarına toxunan Zelenski qeyd edib ki, Moskvanın mövqeləri sərt olaraq qalır, Əbu-Dabidə keçirilən son məsləhətləşmələr raundu isə nəzərəçarpan irəliləyiş gətirməyib. O, ABŞ-ı Rusiyaya daha fəal təzyiq göstərməyə çağırıb: «Təcavüzkara münasibətdə neytrallığı qorumağa çalışdığınız zaman bu o deməkdir ki, həm qurbanları, həm də təcavüzkarı dəstəkləyirsiniz. Bu, düzgün deyil».
- Zelenski onu da xəbərdarlıq edib ki, Rusiya zərbələrinin enerji və nəqliyyat infrastrukturunu hədəf aldığı bir vaxtda Ukrayna ağır qışa hazırlaşır. «İnsanlar gedə bilər, amma biz paytaxtımızı bütün vasitələrlə qorumağa çalışacağıq. Bizə paytaxtımız lazımdır. Paytaxt olmadan ölkə olmur», — deyə o vurğulayıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


