Gürcüstanda 24 min lari məbləğində dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanılıb.
Realist.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa Qarşı Mübarizə İdarəsi və Detektivlər Baş İdarəsinin əməkdaşları tərəfindən birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Araşdırma zamanı müəyyən edilib ki, vətəndaş eyvanında tentlərin dəyişdirilməsi və quraşdırılması xidmətinin göstərilməsi üçün şirkətlərdən birinə müraciət edib. Şirkətin faktiki sahibi olan şübhəli şəxs işləri razılaşdırılmış qaydada yerinə yetirəcəyinə söz verərək müştəridən əvvəlcədən ödəniş alıb.
Vətəndaş bu vədə inanaraq şirkətin bank hesabına 24 min lari köçürüb. Lakin qadın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və vəsaiti mənimsəyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində şübhəli şəxs məhkəmə qərarı əsasında saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


