“Azərbaycan-Niderland münasibətlərinin inkişafı ölkəmizin Avropa dövlətləri ilə siyasi dialoqunun genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və yeni iqtisadi perspektivlərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı Realist.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul etməsi Azərbaycanla Avropa dövlətləri arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir. Onun sözlərinə görə, görüşdə müzakirə olunan məsələlər ikitərəfli münasibətlərin genişləndirilməsi və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Günay Ağamalı vurğulayıb ki, ötən il Kopenhagendə Prezident İlham Əliyevlə Niderlandın sabiq baş naziri arasında aparılmış müzakirələrin davamı olan bu görüş siyasi, iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar yaradır.

Deputat bildirib ki, Niderland tərəfinin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirməsi ölkəmizin regional proseslərdə artan əhəmiyyətini göstərir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də regionda dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən siyasət beynəlxalq mövqeyimizi möhkəmləndirib.

Günay Ağamalı Azərbaycanın humanitar diplomatiya sahəsindəki fəaliyyətinə də diqqət çəkib. O qeyd edib ki, Yaxın Şərqdəki böhran zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisindən təhlükəsiz təxliyəsi ölkəmizin etibarlı tərəfdaş olduğunu nümayiş etdirir.

Deputatın sözlərinə görə, Azərbaycan-Niderland iqtisadi əlaqələrinin inkişafı üçün də geniş potensial mövcuddur. Nəqliyyat-logistika, liman infrastrukturu, kənd təsərrüfatı, innovasiya və müasir texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Xüsusilə Niderlandın qabaqcıl aqrar texnologiyalarından istifadə Azərbaycanda məhsuldarlığın artırılmasına və qeyri-neft sektorunun inkişafına töhfə verə bilər.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu və beynəlxalq nəqliyyat dəhlizlərində artan əhəmiyyətini də vurğulayıb. Bildirib ki, ölkəmizin enerji və logistika sahələrindəki potensialı Avropa ilə uzunmüddətli tərəfdaşlıq üçün yeni imkanlar yaradır.

Şəlalə Camal

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın