Kiyevdən kritik sülh mesajı: “Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazırdır”

Ukrayna Rusiya ilə müharibəni dayandırmaq üçün ən yüksək səviyyədə birbaşa diplomatik təmaslara hazır olduğunu bəyan edib.

“Realist.az”ın məlumatına görə, Ukraynanın xarici işlər naziri Andriy Sibiqha Finlandiyanın “Helsingin Sanomat” qəzetinə verdiyi müsahibədə dövlət başçılarının olası görüşü barədə mühüm açıqlamalar verib.

“Moskva və Belarusdan başqa istənilən yerə hazırıq”

Nazir bildirib ki, Volodimir Zelenski ilə Vladimir Putinin təkbətək görüşü sülh prosesinə ciddi təkan verə bilər:

“Prezident Zelenski ən mürəkkəb və həssas mövzuları, o cümlədən ərazi məsələsini müzakirə etməyə tam hazırdır. Lakin Kiyevin əsas şərti dərhal atəşkəsin elan olunmasıdır. Biz Moskva və Belarus ərazisi istisna olmaqla, dünyanın istənilən nöqtəsində bu görüşü keçirməyə hazırıq.”

Qərb liderlərinin Putinlə danışıqları Kiyevlə razılaşdırılıb

Sibiqha Finlandiya Prezidenti Aleksander Stubb və Norveçin Baş naziri Yonas Qahr Störenin Rusiya lideri ilə son telefon danışıqlarını yüksək qiymətləndirərək, bunu sülh yolunda “irəliyə doğru addım” adlandırıb. Nazir vurğulayıb ki, həmin diplomatik təmaslar öncədən Kiyevlə tam razılaşdırılıb və Moskvaya əsas mesaj kimi atəşkəs tələbi ilə prezidentlərin zirvə görüşü təklifi çatdırılıb.

Rusiya hücumları artırır: 2 həftədə 100 balistik raket

Buna baxmayaraq, Ukrayna XİN rəhbəri Kremlin müharibəni sülh yolu ilə bitirmək niyyətində olduğuna dair heç bir real əlamət görmədiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya mülki infrastruktura zərbələri daha da intensivləşdirib və son iki həftə ərzində Ukrayna şəhərlərinə 100-ə yaxın balistik raket atılıb.

Sibiqha əlavə edib ki, Avropa ölkələri sülh təşəbbüslərində daha fəal rol almalıdır, lakin Birləşmiş Ştatların birbaşa iştirakı olmadan müharibənin dayandırılması və Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi mümkün görünmür.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın