Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Naxçıvanda Şərur şəhər məscidini və Şərur rayonunun Xələc kənd məscidini ziyarət edib, eyni zamanda Şərur rayon dini icmasında yaradılan şəraitlə tanış olub.
Realist.az-a Komitədən verilən məlumata görə, Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət-din münasibətlərinin tənzimlənməsi, mənəvi sərvətlərin qorunması, dini ibadətgahların tikintisi və bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib.
R.Məmmədov bildirib ki, dövlət başçısının dini sahəyə göstərdiyi diqqət və qayğı reallaşdırılan layihələrdə və dini icmaların fəaliyyətinə verilən dəstəkdə öz əksini tapır. Bu siyasətin əsas məqsədi Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitinin yaşadılması, dini-mədəni irsin gələcək nəsillərə çatdırılması və ortaq mənəvi dəyərlər ətrafında həmrəyliyin möhkəmləndirilməsidir.
Dini ibadətgahların vətəndaşların mənəvi həyatında mühüm yer tutduğunu vurğulayan Komitə sədri din xadimləri ilə söhbətində dini maarifləndirmə işinin gücləndirilməsinin, gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Din xadimləri öz növbələrində dini ibadətgahların fəaliyyətinin təmin olunması və göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
