Reklam

8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa Zəfərinin, milli birliyin və dövlətimizin gücünün rəmzidir. Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti, Azərbaycanın suverenliyinin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva *”Realist.az”*in suallarını cavablandırıb.

*–Könül xanım, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Şuşanın azad edilməsi hərbi və siyasi baxımdan hansı əhəmiyyətə malik idi?*

– 2020-ci il noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı. 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olundu.

Şuşa əməliyyatını hərb tarixində unikal edən əsas amillərdən biri onun olduqca mürəkkəb coğrafi şəraitdə həyata keçirilməsi idi. Mürəkkəb relyef və düşmənin müdafiə mövqeləri şəhərin hərbi yolla azad edilməsini çətinləşdirirdi. Lakin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi məharət, yüksək döyüş ruhu, peşəkarlıq və misilsiz qəhrəmanlıq nümayiş etdirərək bu mürəkkəb missiyanı uğurla yerinə yetirdi.

Şuşanın azad edilməsi Azərbaycanın hərbi strategiyasının, ordumuzun hazırlıq səviyyəsinin və əsgərlərimizin döyüş əzminin nümayişi idi. Bu əməliyyat bir daha göstərdi ki, müasir müharibələrdə düzgün strategiya, çevik taktika, peşəkar hərbi idarəetmə və milli ruh həlledici rol oynayır.

*– Şuşanın azad edilməsindən sonra şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərini necə qiymətləndirirsiniz?*

– Azadlıqdan sonra Şuşada başlanan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Tarixi abidələrin, məscidlərin, muzeylərin və memarlıq nümunələrinin bərpası, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması tarixi yaddaşın bərpası baxımından xüsusi əhəmiyyət daşıyır.

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin yenidən təşkil edilməsi isə Şuşanın mədəni həyatına yeni nəfəs verib.

Bu gün Şuşa beynəlxalq dialoq, humanitar əməkdaşlıq, siyasi və mədəni müzakirələr üçün mühüm platformaya çevrilib. Şəhərin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı statusunu daşıması onun beynəlxalq nüfuzunun artmasının göstəricisidir.

Şuşanın tarixi-memarlıq irsinin qorunması və şəhərin gələcək inkişafının hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar da bu siyasətin tərkib hissəsidir.

*– 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də dövlət suverenliyinin tam bərpası idi. Bu istiqamətdə atılan addımların əhəmiyyətini necə dəyərləndirirsiniz?*

– Şuşanın azad edilməsi ilə Azərbaycanın hərbi-siyasi üstünlüyü daha da möhkəmləndi. Bu Qələbə Ermənistanın və onun havadarlarının regionda yaratmağa çalışdığı geosiyasi reallıqları dəyişdirdi, işğalçılıq siyasətinin iflasa uğradığını təsdiqlədi.

44 günlük müharibədən sonra ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyini də tam bərpa etmək əsas vəzifələrdən biri idi. Müharibədən sonrakı dövrdə Qarabağda separatçı rejimin mövcudluğunu davam etdirməyə və regionda yeni status-kvo formalaşdırmağa çalışan qüvvələr var idi. Ermənistanın və bəzi xarici dairələrin bu istiqamətdəki cəhdlərinə baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində ölkəmiz hərbi Qələbəsini siyasi və diplomatik müstəvidə də möhkəmləndirdi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın suveren hüquqlarının təmin olunması istiqamətində mühüm addım oldu. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin tərksilah olunması və qanunsuz rejimin fəaliyyətinə son qoyuldu.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması isə tarixi hadisə kimi yadda qaldı.

Bütün bunlar bir daha təsdiqlədi ki, Azərbaycan dövləti öz milli maraqlarını, ərazi bütövlüyünü və suverenliyini qorumaq əzmindədir və bu məsələlərdə heç bir güzəştə getməyəcək.

*– Böyük Qayıdış proqramı və işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri Zəfərin nəticələrinin möhkəmləndirilməsi baxımından hansı rolu oynayır?*

– Böyük Qayıdış proqramı çərçivəsində Şuşada yaşayış infrastrukturunun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi tarixi Qələbənin real nəticələrini nümayiş etdirir. Bu proses təkcə infrastrukturun qurulması deyil, həm də xalqımızın tarixi yaddaşının, milli kimliyinin və doğma torpaqlarla bağlılığının bərpasıdır.

Prezident İlham Əliyevin noyabrın 7-də Şuşaya səfəri də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasətinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirir.

Dövlət başçısı səfər çərçivəsində Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. Müasir tələblərə uyğun yenidən qurulan mərkəz təhsil infrastrukturunun inkişafı ilə yanaşı, Qarabağda yeni iqtisadi və sosial həyatın formalaşması baxımından da mühüm əhəmiyyət daşıyır.

*– Ümumilikdə, 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı və dövlətçiliyi üçün əsas mesajı nədən ibarətdir?*

– 8 Noyabr həm hərbi Zəfərin, həm də milli birliyimizin rəmzidir. Bu tarix xalqımızın sarsılmaz iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təcəssümüdür. Şuşanın azad edilməsi ilə başlayan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyatın qurulması ilə özünün siyasi, iqtisadi və mənəvi nəticələrini ortaya qoydu.

Şəlalə Camal
Realist.az

Reklam

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın