Azərbaycanın tarixi taleyində elə şəhərlər var ki, onların əhəmiyyəti coğrafi sərhədlərindən daha geniş məna daşıyır. Şuşa xalqımızın milli kimliyinin, siyasi iradəsinin və mənəvi dünyasının formalaşmasında müstəsna yeri olan belə şəhərlərdəndir. Onun tarixi Azərbaycan dövlətçiliyinin müxtəlif mərhələlərini, milli mədəniyyətimizin inkişafını və xalqımızın öz tarixi irsinə sahib çıxmaq əzmini özündə birləşdirir. Şuşa Şəhər Gününün Zəfər Günü ilə eyni tarixdə qeyd olunması da dərin rəmzi məna daşıyır.
Milli Məclisin deputatı Rövşən Muradov Şuşa Şəhər Günü münasibətilə “Realist.az”a açıqlamasında bildirib ki, bu tarixi gün Azərbaycan xalqının keçmişinə sədaqətini, müstəqil dövlətinin qüdrətini və öz gələcəyini müəyyənləşdirmək iradəsini nümayiş etdirir.
Deputatın sözlərinə görə, Şuşanın Azərbaycan tarixindəki mövqeyi, ilk növbədə, onun milli mədəniyyətimizin inkişafına verdiyi töhfələrlə müəyyən olunur. Şəhərin ictimai-mədəni mühiti Azərbaycan xalqının maarifçilik düşüncəsinin, musiqi mədəniyyətinin və milli özünüdərk prosesinin inkişafında mühüm rol oynayıb.
Xurşidbanu Natəvanın ədəbi irsi, Üzeyir Hacıbəylinin yaradıcılıq dünyasının formalaşmasında Şuşa mühitinin təsiri, Bülbülün milli musiqi sənətinə gətirdiyi yeniliklər bu şəhərin zəngin intellektual və mədəni potensialını nümayiş etdirir. Şuşada formalaşmış sənət ənənələri Azərbaycan mədəniyyətinin inkişafına mühüm təsir göstərib, milli yaradıcılığın dünya mədəniyyəti ilə əlaqələrinin genişlənməsinə zəmin yaradıb. Məhz bu xüsusiyyətlər Şuşanı Azərbaycan mədəniyyətinin tarixi inkişafında mühüm mövqeyə malik mənəvi mərkəzə çevirib.
Rövşən Muradov qeyd edib ki, Şuşanın siyasi əhəmiyyətini Azərbaycanın dövlətçilik tarixindən kənarda qiymətləndirmək mümkün deyil. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Şuşanın milli dövlətçilik baxımından strateji əhəmiyyətini təsdiqləyirdi. Sonrakı tarixi mərhələlərdə də şəhər xalqımızın milli mənsubiyyətinin və tarixi yaddaşının ayrılmaz hissəsi olaraq qalıb.
Deputat bildirib ki, 1992-ci ildə Şuşanın Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünə vurulmuş ağır zərbə olmaqla yanaşı, milli mədəni irsimizin qorunması qarşısında ciddi təhlükələr yaradıb. Tarixi abidələrin dağıdılması, mədəni sərvətlərin talan edilməsi və şəhərin öz sakinlərindən məhrum qalması işğalın mənəvi nəticələrinin miqyasını göstərirdi. Buna baxmayaraq, Şuşa xalqımızın yaddaşında öz tarixi mövqeyini qoruyub və azadlıq uğrunda milli iradənin əsas rəmzlərindən birinə çevrilib.
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində Şuşanın tarixi-mədəni irsinin qorunması xüsusi yer tutub. Ulu Öndərin təşəbbüsü ilə 1977-ci ildə şəhərin tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi milli irsin dövlət səviyyəsində mühafizəsi baxımından mühüm qərar olub. Bu yanaşmanın əsas mahiyyətini tarixi abidələrin qorunması ilə yanaşı, xalqın mədəni yaddaşının gələcək nəsillərə çatdırılması təşkil edib.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsindən sonra həyata keçirilən bərpa və quruculuq siyasəti həmin tarixi məsuliyyəti müasir dövlət idarəçiliyinin tələbləri ilə birləşdirib. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması, onun qorunması və inkişafı üçün xüsusi hüquqi mexanizmlərin yaradılması mədəni irsimizə münasibətin dövlət siyasətindəki davamlılığını nümayiş etdirir.
Rövşən Muradov diqqətə çatdırıb ki, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Azərbaycanın müasir hərb və siyasi tarixində həlledici hadisələrdən biri olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bu Qələbə hərbi peşəkarlığın, strateji planlaşdırmanın və milli həmrəyliyin gücünü bütün dünyaya göstərib.
Şuşa əməliyyatının hərbi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi nəticələrinin də böyük olduğunu bildirən deputat qeyd edib ki, şəhərin azad edilməsi Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamını gerçəkliyə çevirib, ölkəmizin regionda formalaşdırdığı yeni siyasi reallıqların əsasını möhkəmləndirib. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” müraciəti xalqımızın kollektiv yaddaşında milli qürurun və tarixi Zəfərin əbədi ifadəsi kimi yer alıb.
Deputat Şuşanın azadlıqdan sonrakı inkişafında onun beynəlxalq siyasi və mədəni əməkdaşlıq məkanına çevrilməsini də mühüm amil kimi qiymətləndirib. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi şəhərin türk dünyasının siyasi həmrəyliyində artan əhəmiyyətini nümayiş etdirib. Bu hadisə Azərbaycanın regional əməkdaşlıq siyasətində tarixi-mədəni bağlılıqla ortaq strateji maraqların uzlaşdırılmasının bariz nümunəsidir.
Rövşən Muradov bildirib ki, Şuşanın 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi Azərbaycan mədəniyyətinin beynəlxalq nüfuzunun mühüm göstəricisidir. Bu statuslar Şuşanın zəngin tarixi-mədəni irsinin daha geniş coğrafiyada tanıdılması üçün yeni imkanlar yaradıb. Xüsusilə mədəni diplomatiyanın beynəlxalq münasibətlərdə təsir imkanlarının artdığı müasir dövrdə Şuşanın belə mötəbər statuslar qazanması Azərbaycanın mədəni əlaqələrinin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Deputat qeyd edib ki, Şuşanın bərpası Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi inkişaf siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərində tarixi memarlığın mühafizəsi, müasir yaşayış infrastrukturunun yaradılması və şəhərin iqtisadi-mədəni həyatının canlandırılması qarşılıqlı əlaqədə nəzərdən keçirilir.
Onun sözlərinə görə, 2024-cü ilin mayında keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışının başlanması bu siyasətin ən mühüm sosial nəticələrindən biridir. Çünki şəhərin tarixi davamlılığı onun sakinlərinin gündəlik həyatı, ictimai münasibətləri və mədəni fəaliyyəti ilə möhkəmlənir. Yeni yaşayış məhəllələrinin, təhsil və sosial xidmət müəssisələrinin yaradılması Şuşanın müasir şəhər kimi inkişafına şərait yaradır. Burada əsas strateji vəzifə tarixi memarlıq mühitinin qorunmasını əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsi ilə uzlaşdırmaqdır.
Rövşən Muradov hesab edir ki, gələcək mərhələdə Şuşanın beynəlxalq elmi və mədəni tədqiqat mərkəzi kimi inkişaf etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Şəhərin memarlıq irsinin müasir elmi metodlarla öyrənilməsi, mədəniyyət müəssisələri ilə ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, tarixi mühitə uyğun dayanıqlı turizm modelinin formalaşdırılması bu istiqamətdə səmərəli nəticələr verə bilər.
Deputat əlavə edib ki, Şuşanın zəngin mədəni potensialının yaradıcı sənayelərin inkişafına yönəldilməsi gənc nəslin şəhərin ictimai və iqtisadi həyatında daha fəal iştirakına imkan yarada bilər. Belə yanaşma Şuşanın tarixi irsini qorumaqla yanaşı, onun gələcək inkişafının intellektual və iqtisadi əsaslarını da gücləndirər.
Sonda Rövşən Muradov vurğulayıb ki, Şuşanın Azərbaycan üçün əsl dəyəri keçmişin möhtəşəmliyini bu günün dövlətçilik qüdrəti və gələcəyin inkişaf imkanları ilə birləşdirməsindədir. Bu şəhər milli kimliyimizin qorunmasının, tarixi ədalətin bərpasının və müstəqil Azərbaycanın siyasi iradəsinin təntənəsini özündə yaşadır.
Ümummilli Lider Heydər Əliyevin milli irsimizə göstərdiyi qayğı və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Şuşanın taleyində bir-birini tamamlayan mühüm mərhələlərdir. Bu gün Şuşada dalğalanan Azərbaycan Bayrağı xalqımızın öz tarixinin, torpağının və gələcəyinin sahibi olduğunu nümayiş etdirir.
Deputatın sözlərinə görə, Şuşa Şəhər Günü münasibətilə yaşanan qürurun ən böyük mənası da məhz budur: Azərbaycan Şuşanı azad etməklə tarixi ədaləti bərpa edib, onu yenidən qurmaqla isə milli dövlətçiliyimizin gələcəyə uzanan inkişaf tarixini davam etdirir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
