EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisədir. Sənəd siyasi dialoqun genişlənməsi, qarşılıqlı etimadın möhkəmlənməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Soltan Məmmədov bu barədə Realist.az-a açıqlamasında bildirib ki, 2026-cı il noyabrın 12-də Dublində qəbul edilmiş Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu və tərəflərin ortaq maraqlara əsaslanan əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqləyir.

Deputatın sözlərinə görə, sənədin əhəmiyyəti yalnız mövcud əlaqələrin təsdiqlənməsi ilə məhdudlaşmır. Bəyannamə, eyni zamanda, gələcək əməkdaşlığın əsas istiqamətlərini və prioritetlərini müəyyənləşdirən strateji yol xəritəsi kimi çıxış edir.

O qeyd edib ki, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət və investisiya, enerji, nəqliyyat-logistika, təhsil, elm və innovasiya kimi sahələrin sənəddə əhatə olunması əməkdaşlığın daha sistemli və institusional əsaslarla inkişafına imkan yaradacaq.

S. Məmmədov Böyük Britaniyanın Azərbaycanın enerji sektorunda uzun illərdir mühüm tərəfdaş olduğunu və ölkəmizin Avropadakı ən böyük investorlarından biri kimi çıxış etdiyini vurğulayıb. Bildirib ki, bu amil iki ölkə arasında iqtisadi münasibətlərin möhkəm əsaslara söykəndiyini göstərir.

Deputat Birgə Bəyannamənin regional sülh və təhlükəsizlik baxımından əhəmiyyətinə də diqqət çəkib. Onun sözlərinə görə, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyinin sənəddə əks olunması, eləcə də regionda davamlı sülhün təmin edilməsinə dəstəyin ifadə olunması mühüm siyasi məna daşıyır.

S. Məmmədov qeyd edib ki, Birgə Bəyannamə Azərbaycan diplomatiyasının çoxşaxəli və praqmatik xarakterini, ölkəmizin beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq modelini bir daha nümayiş etdirir.

Deputatın fikrincə, sənədin real əhəmiyyəti onun müddəalarının konkret layihələrə, iqtisadi təşəbbüslərə və praktiki nəticələrə çevrilməsi ilə daha da artacaq. Strateji tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulması isə əldə olunan nəticələrin qiymətləndirilməsi və yeni əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm mexanizm olacaq.

O vurğulayıb ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin uzunmüddətli inkişafı üçün yeni imkanlar açan və qarşılıqlı etimadı möhkəmləndirən mühüm siyasi sənəddir.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın