Azərbaycanda yeni televiziya kanallarının yaradılması istiqamətində hazırlıq işləri aparılır.
Realist.az bildirir ki, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) bir neçə yeni tematik kanalın yaradılması ilə bağlı layihələr hazırlanır.
Məlumata əsasən, hazırda “AzTV Uşaq” layihəsi üzərində işə başlanılıb və bu məqsədlə komanda formalaşdırılır. Eyni zamanda, milli cizgi filmlərinin istehsalına dəstək vermək üçün bəzi müəlliflərə ssenari təklifləri göndərilib.
Gündəmdə olan digər layihələrdən biri də “AzTV İrs” kanalının yaradılmasıdır. “AzTV Xəbər” adlı kanalın açılması da müzakirə edilir. Bundan əlavə, AzTV 1, AzTV 2 və “AzTV Sport” adları ilə yeni kanalların fəaliyyətə başlamasını nəzərdə tutan konsepsiyanın mövcud olduğu bildirilir.
Digər tərəfdən, “AzTV Şou” adlı əyləncə kanalının loqosu artıq ictimaiyyətə təqdim edilib. Ancaq bu layihənin reallaşdırılması hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Məlumatda yeni kanallardan birinə rəhbərliyin Həmid Əsədzadəyə həvalə olunmasının da müzakirə edildiyi qeyd olunur. Lakin onun hansı kanalın rəhbəri olacağı ilə bağlı hələlik konkret qərar yoxdur.
Qeyd edək ki, 2026-cı ilin avqust ayında da AzTV-nin yeni tematik kanallar yaratmaq planları ilə bağlı mediada məlumatlar yayılmışdı. Həmin vaxt təqdim olunan konsepsiyada kanalların informasiya, ictimai-siyasi, əyləncə, idman, uşaq və milli-mədəni irs istiqamətlərini əhatə etməsi nəzərdə tutulurdu.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


