Rusiya Prezidenti Vladimir Putinin nüvə çamadanı Çinin Şençjen şəhərində keçirilən APEC sammiti zamanı kameralara düşüb.
Realist.az Vesti -yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı və jurnalist Yevgeni Popov məlumat verib.
Popov Rusiya Prezidentinin adyutantının əlindəki qara portfelə diqqət yetirərək onun içindəkilərlə maraqlanıb. O, adyutantdan portfelin həqiqətən də strateji nüvə silahlarının idarə olunması üçün nəzərdə tutulan qurğu olub-olmadığını soruşub.
“Bəli, elə odur”, – deyə adyutant cavab verib.
Qeyd edək ki, “Çeqet” adlanan nüvə çamadanı “Kazbek” sisteminin daşınan terminalıdır. Bu qurğu dövlət başçısı ilə ali hərbi komandanlıq arasında təhlükəsiz rabitəni təmin edir və nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsinə imkan yaradır.
Bununla belə, nüvə çamadanı raketləri birbaşa işə salmır. Müvafiq göstərişlər Baş Qərargaha ötürülür və daha sonra komandanlıq zənciri üzrə icra olunur.
Bu sistem vasitəsilə ali baş komandan olduğu yerdən asılı olmayaraq, nüvə silahından istifadə ilə bağlı qərar vermək imkanını saxlayır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


