Ağdamın işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təntənəsi və Böyük Qayıdışın başlanğıcı baxımından mühüm hadisədir. Bu gün şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamın əvvəlki şöhrətinin qaytarılması ilə yanaşı, onun gələcək inkişafı üçün də möhkəm təməl yaradır.
Milli Məclisin deputatı Jalə Əliyeva Realist.az-a açıqlamasında bildirib ki, Ağdam Azərbaycanın son otuz ildə keçdiyi mürəkkəb və ağrılı tarixin, xalqımızın mübarizəsinin və sarsılmaz iradəsinin rəmzlərindən biridir.
Deputat qeyd edib ki, vaxtilə Qarabağın ən böyük, abad və inkişaf etmiş şəhərlərindən biri olan Ağdam Ermənistanın işğalı nəticəsində böyük dağıntılara məruz qalıb, yaşayış evləri, tarixi-mədəni abidələr və sosial infrastruktur məhv edilib:
“Uzun illər Ağdamın adı dağıntılar, məcburi köçkünlük və doğma yurda həsrətlə assosiasiya olunub. Lakin bütün bu faciələrə baxmayaraq, xalqımızın yaddaşından Ağdam sevgisini, bu torpağa bağlılığını silmək mümkün olmadı. Şəhər öz tarixi kimliyini və gələcəyə qayıdış ümidini qoruyub saxladı.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər Ağdamın taleyində də yeni mərhələnin əsasını qoydu. Noyabrın 20-də şəhərin işğaldan azad edilməsi onilliklər ərzində doğma yurduna qayıtmaq arzusu ilə yaşayan minlərlə insanın ümidlərinin gerçəkləşməsi oldu. Bu tarixi hadisə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun qüdrətinin və xalqımızın birliyinin nəticəsi idi”.
Jalə Əliyevanın sözlərinə görə, hazırda Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri dövlətimizin işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə verdiyi xüsusi önəmin göstəricisidir. Böyük Qayıdış strategiyası çərçivəsində şəhərdə yeni yollar, yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, eləcə də sosial və iqtisadi infrastruktur yaradılır. Eyni zamanda, Ağdamın sənaye potensialının bərpası və regionun mühüm iqtisadi mərkəzlərindən birinə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Deputat vurğulayıb ki, bu prosesin ən mühüm tərəfi keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və şəhərdə həyatın yenidən canlanmasıdır. Onun fikrincə, şəhərin əsl ruhunu yalnız binalar, küçələr və meydanlar deyil, burada yaşayan insanlar, ailələrin sevinci, uşaqların səsi və gündəlik həyatın hərarəti formalaşdırır.
O, Ağdamın milli yaddaşımız və mədəni irsimiz baxımından da xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Cümə məscidi və digər tarixi məkanlar şəhərin kimliyinin mühüm tərkib hissəsidir. Ağdamın yenidən qurulması həm də bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması deməkdir.
“Bu gün Ağdamın dirçəlişi yalnız dağıdılmış şəhərin yenidən qurulması deyil. Bu, müharibənin ağır nəticələrinin aradan qaldırılması, tarixi ədalətin bərpası, insan ləyaqətinin və doğma yurda bağlılığın təntənəsidir. Ağdam artıq dağıntıların deyil, quruculuğun, həsrətin deyil, qayıdışın, keçmişin ağrılarının deyil, gələcəyə inamın şəhəridir. Onun hər yeni küçəsi, hər tikilən binası və açılan məktəbi Azərbaycanın Zəfər tarixinin davamıdır”, – deyə deputat əlavə edib.
Jalə Əliyeva 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinin, qazilərin fədakarlığının unudulmamasının vacibliyini vurğulayıb. Bildirib ki, Ağdamda quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı və şəhərin gələcəyə inamla addımlaması Azərbaycan xalqının öz tarixini qalibiyyətlə yenidən yazdığını bir daha təsdiqləyir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


