Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ölkəmizin qlobal geosiyasi proseslərdə artan nüfuzunun, milli maraqlara əsaslanan çoxşaxəli xarici siyasətinin və Azərbaycan-Vyetnam münasibətlərinin inkişaf perspektivlərinin nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Realist.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, müsahibə Azərbaycanın diplomatik fəaliyyətinin yalnız mövcud münasibətlərin qorunması ilə məhdudlaşmadığını, yeni tərəfdaşlıqların qurulması, iqtisadi əlaqələrin genişləndirilməsi və uzunmüddətli strateji hədəflərin reallaşdırılması istiqamətində ardıcıl siyasət yürüdüldüyünü göstərir.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti dövlət suverenliyinin, milli maraqların, qarşılıqlı hörmətin və bərabərhüquqlu əməkdaşlığın qorunması prinsiplərinə əsaslanır. Məhz bu yanaşma ölkəmizə müxtəlif dövlətlərlə konstruktiv münasibətlər qurmaq, beynəlxalq platformalarda fəal iştirak etmək və dəyişən qlobal şəraitdə müstəqil mövqeyini qorumaq imkanı verir.
S.Məmmədov vurğulayıb ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında və qarşılıqlı etimadın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayıb.
Deputat bildirib ki, 1959-cu ildə Ho Şi Minin Bakıya, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri iki xalq arasında dostluq münasibətlərinin formalaşmasında və inkişafında əhəmiyyətli mərhələlər olub. Ulu Öndərin hələ sovet dövründə Vyetnamla əlaqələrin genişləndirilməsi istiqamətində göstərdiyi səylər bu gün də dövlətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərir.
O, həmçinin 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana səfərinin ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Bu sənəd siyasi dialoqun sistemli xarakter alması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
S.Məmmədov əlavə edib ki, siyasi, iqtisadi, enerji, müdafiə və kibertəhlükəsizlik sahələrini əhatə edən əməkdaşlıq gündəliyi Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının konkret mexanizmlər və praktiki nəticələr əsasında inkişaf etdiyini göstərir.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


