Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə ictimai dəstəyin artırılması məqsədilə “agac.az” mobil tətbiqi istifadəyə verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Realist.az-a bildirilib ki, mobil tətbiq IDEA İctimai Birliyi və Nazirliyin 2022-ci ildən birgə həyata keçirdiyi yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində hazırlanıb.
Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağac fərdi QR kodlu nişanlarla təmin edilib. Hər bir ağacın yerləşdiyi ərazi, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil olunub.
Yeni tətbiq vasitəsilə istifadəçilər ağacların yerləşdiyi əraziləri interaktiv xəritədə görə, QR kodları oxudaraq onların rəqəmsal məlumat kartları ilə tanış ola bilərlər.
Bundan başqa, ağacın quruduğu, zədələndiyi və ya qulluğa ehtiyacı olduğu aşkarlandıqda vətəndaşlar fotoşəkil əlavə etməklə bu barədə Nazirliyə məlumat göndərə bilərlər. Beləliklə, yaşıllıqların vəziyyətinə ictimai nəzarətin gücləndirilməsi və qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsi üçün əlavə imkan yaranır.
Məlumata görə, rəqəmsal sistemdə toplanan məlumatlar gələcəkdə süni intellekt texnologiyalarının tətbiqi ilə ağacların vəziyyətindəki dəyişikliklərin təhlili, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və müvafiq qulluq tədbirlərinin planlaşdırılması baxımından da əhəmiyyət daşıyır.
Qeyd edək ki, “agac.az” mobil tətbiqi hazırda iPhone istifadəçiləri üçün App Store platformasında əlçatandır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


