Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atdığı ardıcıl addımlar regionda yeni nəqliyyat-kommunikasiya imkanları yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq logistika sistemində mövqeyini daha da gücləndirir. Layihənin praktiki icra mərhələsinə keçməsi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsi və davamlı sülhün təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Realist.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın tarixi Zəfərdən sonra formalaşdırdığı yeni geosiyasi reallıqların möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru yolla maneəsiz əlaqənin təmin edilməsinin vacibliyini dəfələrlə bəyan edib. Ötən ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamədə də bu məsələnin təsdiq olunması Azərbaycanın prinsipial mövqeyinin beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.
Vüqar Rəhimzadə qeyd edib ki, noyabrın 23-də ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsinin praktiki mərhələsinin başlandığını elan etmələri regionda yeni əməkdaşlıq imkanlarının formalaşması baxımından əhəmiyyətlidir. Noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistan arasında texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması, nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətində işçi qruplarının yaradılması da layihənin icrası üçün zəruri mexanizmlərin formalaşdırıldığını təsdiqləyir.
Deputat bildirib ki, ABŞ Prezidentinin videomüraciətində Prezident İlham Əliyevin sülh prosesinə və TRIPP layihəsinin reallaşmasına verdiyi töhfəni xüsusi vurğulaması Azərbaycanın regional proseslərdə artan rolunun beynəlxalq səviyyədə də yüksək qiymətləndirildiyini göstərir.
Milli Məclisin üzvü diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin noyabrın 24-də Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti bir daha önə çəkilib. Dövlət başçısının vurğuladığı kimi, bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat bağlantısının genişlənməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına və beynəlxalq ticarət əlaqələrinin inkişafına xidmət edəcək.
Vüqar Rəhimzadənin sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız Azərbaycanın nəqliyyat ehtiyacları ilə məhdudlaşmır. Layihə Türk dünyasının inteqrasiyasının dərinləşdirilməsi, Mərkəzi Asiya, Xəzər hövzəsi, Türkiyə və Avropa arasında yükdaşımaların genişləndirilməsi baxımından da strateji əhəmiyyətə malikdir.
Deputat vurğulayıb ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və məqsədyönlü dövlət siyasəti ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində əsas tranzit mərkəzlərindən birinə çevrilməsini təmin edib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və yenilənən avtomobil və dəmir yolu infrastrukturu ölkənin beynəlxalq yükdaşımalar üzrə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Onun fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın tranzit və logistika potensialını daha da artıracaq, yükdaşımaların məsafəsini və müddətini azaldacaq, Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldəcək. Eyni zamanda, Mərkəzi Asiya ilə Avropa arasında təchizat zəncirlərinin şaxələndirilməsinə, regional ticarətin genişlənməsinə və yeni investisiyaların cəlbinə şərait yaradacaq.
Vüqar Rəhimzadə hesab edir ki, bu layihə region ölkələri arasında iqtisadi inteqrasiyanın güclənməsinə, siyasi əlaqələrin genişlənməsinə və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə də töhfə verəcək.
Deputat sonda bildirib ki, Zəngəzur dəhlizi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin, Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasətinin və regionda yeni əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm nəticəsidir. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə yaratdığı reallıqları bu gün diplomatik, iqtisadi və nəqliyyat müstəvisində möhkəmləndirməsi isə regionun gələcək inkişafı üçün yeni perspektivlər açır.
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


