EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

ABŞ rəsmiləri neft, mayeləşdirilmiş neft məhsulları, kimyəvi maddələr və digər partlayıcı yüklər daşıyan onlarla gəmiyə qarşı həyata keçirilən kiberhücumlarda İranın mümkün iştirakını araşdırır.

Realist.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb. Qeyd olunur ki, ümumilikdə 50-yə qədər gəmi kiberhücuma məruz qala bilər. Bununla belə, Donald Tramp administrasiyasının nümayəndəsi İranın bu hücumlarla əlaqəsinə dair hələlik sübut tapılmadığını bildirib. Onun sözlərinə görə, real fəsadlar törətməyən və kiçik insident xarakteri daşıyan dörd hücum faktı məlumdur.

Dəniz marşrutları və limanlar üçün təhlükə

Məlumata görə, bəzi gəmilərə xəbərdarlıqlar və partlayış təhdidləri göndərilib. Hücumların miqyasının genişlənməsi və onları müşayiət edən mesajlar İranın gəmiçilik şirkətlərini qorxutmağa, kritik əhəmiyyətli dəniz marşrutlarının işini pozmağa və ya Yaxın Şərqdən kənarda yerləşən iri limanlardan birində partlayış törətməyə cəhd göstərə biləcəyi ilə bağlı narahatlıq doğurub. Mütəxəssislər bildirirlər ki, gəmilərin inteqrasiya olunmuş idarəetmə sistemlərinin sındırılması partlayışa, toqquşmaya və ya neft sızmasına gətirib çıxara bilər.

ABŞ Sahil Mühafizəsinin müdaxiləsi

Kiberhücumların bir qismi barədə ilk məlumatlar İran və Rusiya saytlarında, eləcə də “Telegram” kanallarında yayılıb. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ Sahil Mühafizəsi son həftələrdə ölkə sahillərinə yaxınlaşan azı dörd gəmiyə kibermüdafiə qrupları göndərib. Mütəxəssislər təhdidləri aradan qaldırdıqdan sonra gəmilər ABŞ limanlarına doğru hərəkətlərini davam etdiriblər. Hücuma məruz qalan digər gəmilərin isə Avropa və Asiya sahilləri yaxınlığında olduğu qeyd edilir.

Hakerlər hansı texniki boşluqdan istifadə edirlər?

Amerikalı rəsmilərin məlumatına əsasən, hakerlər dənizçilik sənayesində geniş yayılmış “Fortinet” routerlərindəki (marşrutlaşdırıcılar) təhlükəsizlik boşluğundan yararlanırlar. Sentyabr ayında qeydə alınan ilk məlum kiberhücumlardan sonra ABŞ Sahil Mühafizəsinin Kiberkomandanlığı və Federal Təhqiqatlar Bürosu (FTB) dövlətlərlə əlaqəli haker qruplarının gəmiçilik şirkətlərinə və digər dəniz infrastrukturu obyektlərinə məxsus “Fortinet FortiGate” cihazlarındakı boşluqlardan istifadə etməsi tendensiyasını müşahidə etdiklərini açıqlayıblar.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın