ABŞ kəşfiyyatı “Nvidia” şirkətinin rəhbəri Censen Xuanqın keçmiş sevgilisi Elis Xuanqın bir ildən artıq müddətdə Çin kəşfiyyatının yüksək vəzifəli əməkdaşı ilə münasibət saxladığını müəyyən edib. Qadın eyni vaxtda dünyanın ən iri çip istehsalçılarından birinin rəhbəri ilə də romantik münasibətlərini davam etdirib.
Realist.az “The New York Times” qəzetinə istinadən xəbər verir ki, söhbət Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşından gedir. ABŞ xüsusi xidmət orqanları E.Xuanqın əvvəllər həyat yoldaşı kimi təqdim olunan biznes tərəfdaşı Kan Veyin də eyni kəşfiyyat şəbəkəsi ilə əlaqələrini aşkarlayıblar.
“Nvidia” çipləri ABŞ sanksiyalarından yan keçməklə Çinə ötürülüb
İstintaqın mərkəzində Cənub-Şərqi Asiyada fəaliyyət göstərən və vasitəsilə qabaqcıl “Nvidia” çiplərinin iri partiyalarının satın alındığı şirkətlər şəbəkəsi, o cümlədən “Megaspeed” dayanır. Məlumata görə:
-
Avadanlıqların bir hissəsi “Alibaba” da daxil olmaqla Çinin texnologiya nəhənglərinə xidmət göstərən server fermalarına göndərilib;
-
ABŞ rəsmiləri digər partiyaların isə Amerika ixrac məhdudiyyətlərindən yan keçməklə birbaşa Çinə qeyri-leqal yolla daşındığını ehtimal edirlər.
Çin ordusu üçün hərbi texnologiyalarda istifadə narahatlığı
ABŞ xüsusi xidmət orqanları bu tədarüklərdə E.Xuanq və onun tərəfdaşının hansı rol oynadığını araşdırır. Vaşinqtonu xüsusilə “Nvidia” çiplərinin Çinin hərbi layihələrində istifadə edilməsi ehtimalı narahat edir. Kəşfiyyat məlumatlarına əsasən, E.Xuanq həmçinin Çin Xalq Azadlıq Ordusu üçün çalışan yerli müdafiə podratçıları ilə də əlaqələrə malik olub.
Censen Xuanq irimiqyaslı casusluq əməliyyatının hədəfi olub?
Əvvəllər Censen Xuanqın ətrafı, o cümlədən Prezident Donald Tramp qalmaqalın ciddiliyini kiçiltməyə çalışır və qadının Pekinin maraqları naminə hərəkət etdiyinə şübhə ilə yanaşırdılar. Lakin onun Çin kəşfiyyatı ilə təmaslarına dair yeni faktlar “Nvidia” rəhbərinin irimiqyaslı casusluq əməliyyatının hədəfinə çevrilməsi ilə bağlı şübhələri daha da gücləndirib.
Xatırladaq ki, noyabrın 12-də Censen Xuanq 1993-cü ildə şirkət təsis olunduğu gündən tutduğu “Nvidia”nın baş direktoru postundan getdiyini elan edib. Lakin cəmi beş gün sonra o, direktorlar şurası zəruri hesab edərsə, vəzifəsinə qayıtmağa hazır olduğunu bildirib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


