Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) növbəti kadr təyinatı gerçəkləşib. Əli Verdiyev AFFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə məlumat federasiya tərəfindən açıqlanıb. Yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik bir mütəxəssisin AFFA rəhbərliyinin diqqətini cəlb etməsi və ona böyük etimad göstərilməsi idman ictimaiyyətində ciddi maraq və rəğbətlə qarşılanıb.
Əli Verdiyev rəhbər vəzifələrdə və beynəlxalq mühitdə geniş idarəçilik təcrübəsinə malik ekspert və beynəlxalq təlimçidir. O, zəngin fəaliyyəti dövründə Azərbaycan Respublikası Hesablama Palatasında Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri (departament müavini) kimi dövlət qurumunun xarici tərəfdaşlıq platformalarına rəhbərlik edib.
Bununla yanaşı, Ə.Verdiyev “Philip Morris International”, “NEQSOL Holding” və “Japan Tobacco International” kimi nəhəng transmilli şirkətlərdə reputasiya və böhran idarəçiliyi istiqamətinə rəhbərlik edib. O, həmçinin “Uber Azerbaijan” şirkətində Dövlət Əlaqələri (GR) Direktoru, Dünya Bankının Müxtəlif Layihələrində, UNICEF-in strukturlarında isə tənzimləyici siyasət və beynəlxalq münasibətlər üzrə məsul vəzifələrdə çalışıb.
Əli Verdiyev 1996–2000-ci illərdə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq ixtisası üzrə bakalavr təhsili alıb. O, 2009–2012-ci illərdə isə Xəzər Universitetində beynəlxalq biznes (MBA) üzrə magistr dərəcəsinə yiyələnib, fəaliyyəti dövründə bir çox beynəlxalq sertifikatlara layiq görülüb.
Azərbaycan, rus və ingilis dillərini peşəkar səviyyədə bilən Əli Verdiyev ailəlidir, 3 övladı var.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
