Vatikanda tarixi ilk: Müqəddəs Taxt-Tac və Qafqaz Müsəlmanları İdarəsi arasında Memorandum imzalandı
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.
“Realist.az”ın Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən verdiyi məlumata görə, sənədi Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə QMİ sədri Allahşükür Paşazadə imzalayıblar.
Kardinal Kuvakad: “Azərbaycanda sülh və harmoniya yüksək səviyyədədir”
Memorandumun əhəmiyyətindən danışan Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi yolunda vacib addım olduğunu vurğulayıb. O, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladaraq ölkəmizdə sülh və harmoniyanın yüksək səviyyədə təşviq edildiyini xüsusi qeyd edib.
Allahşükür Paşazadə: “Bakıda yeni Katolik Kilsəsi inşa edilir”
Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını Kardinal Kuvakada çatdırıb. Şeyxülislam hazırda Bakıda inşası davam edən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsinin əhəmiyyətini diqqətə çatdırıb.
QMİ sədri, həmçinin Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikan səfirliyinin) yaradılmasının vacibliyini qeyd edərək ölkəmizdə bütün dinlər üçün bərabər şəraitin təmin olunduğunu bildirib.
“Vatican News”dakı yanlış məlumatlarla bağlı dəlillər təqdim olundu
Görüş zamanı Allahşükür Paşazadə son vaxtlar Vatikanın rəsmi informasiya agentliyi olan “Vatican News”da bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığını vurğulayaraq bununla bağlı əsaslı dəlilləri qarşı tərəfə təqdim edib.
Kardinal Kuvakad məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verəcəyini və problemin qısa zamanda aradan qaldırılacağını bəyan edib.
A.Paşazadə, həmçinin Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılan şəraitə görə Müqəddəs Taxt-Taca dərin minnətdarlığını bildirib.
Sənədin hüquqi və tarixi müstəsnalığı
-
İlk dəfə tətbiq olunur: Bu Anlaşma Memorandumu 4 fevral 2019-cu il tarixli *”Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”*nə istinadən həyata keçirilən ilk praktiki təşəbbüsdür.
-
Vatikan tarixində bir ilk: Müqəddəs Taxt-Tac bu günə qədər yalnız dövlət təsisatları ilə analoji sənədlər imzalayıb. Dini mərkəzlə birbaşa Anlaşma Memorandumunun imzalanması Vatikan tarixində ilk hadisədir.
-
Birgə Komitə təsis edilir: Memorandumun müddəalarının icrası və dinlərarası dialoqun təşviqi məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə yaradılacaq.
Xatırladaq ki, bu Anlaşma Memorandumu ilə bağlı ilkin razılaşma 2026-cı ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuşdu.


© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
