EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

25 noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Realist.az-a açıqlamasında Kəlbəcərin tarixi, strateji və iqtisadi əhəmiyyətindən, rayonun işğaldan azad olunmasının tarixi əhəmiyyətindən, eləcə də hazırda bölgədə həyata keçirilən bərpa və quruculuq işlərindən danışıb.

O bildirib ki, Kəlbəcər Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, zəngin tarixi, mədəni irsi, təbii sərvətləri və əsrarəngiz təbiəti ilə ölkəmizin mühüm bölgələrindən biridir. Rayonun ərazisindəki qədim mağaralar, qalalar, məbədlər, körpülər və digər tarixi abidələr bu torpağın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyən mühüm nümunələrdir.

Tarixçi alim qeyd edib ki, Kəlbəcər qızıl, civə və digər faydalı qazıntı yataqları, mineral su mənbələri, zəngin meşələri və yaylaqları ilə də seçilir. Xüsusilə İstisu mineral bulaqları rayonun şöhrətini ölkə hüdudlarından kənara çıxaran təbii sərvətlərdəndir.

Anar İsgəndərovun sözlərinə görə, Kəlbəcərin işğalı Azərbaycanın tarixində ağır faciələrdən biri kimi yadda qalıb. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun 53 mindən çox sakini doğma yurdlarından didərgin düşüb. İşğal nəticəsində yüzlərlə dinc sakin həlak olub, yüzlərlə insan əsir götürülüb və itkin düşüb. Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri dağıdılıb, tarixi-mədəni irsə və təbii sərvətlərə ciddi ziyan vurulub.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, bu qərarın icrası təmin edilməyib. Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, beynəlxalq vasitəçilik səyləri nəticə verməyib.

Tarixçi alim bildirib ki, 2020-ci ildə başlanan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olub. Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi tarixi Zəfərin əldə olunmasında mühüm rol oynayıb.

Qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 ildən artıq davam edən işğala son qoyulub, doğma yurdlarından didərgin düşmüş kəlbəcərlilərin qayıdışına yol açılıb.

Anar İsgəndərov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib. Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik tarixində milli iradənin, ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.

Millət vəkili hazırda Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, Böyük Qayıdış proqramı çərçivəsində rayonda yeni yaşayış məhəllələri salınır, sosial infrastruktur yaradılır, avtomobil yolları çəkilir, elektrik, su və digər kommunikasiya sistemləri qurulur.

O qeyd edib ki, 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılıb. 2026-cı ildə də bu proses davam etdirilib, yeni ailələr doğma yurda köçürülüb. Bu, uzun illər torpaq həsrəti ilə yaşayan insanların öz doğma şəhərlərində yenidən həyat qurması baxımından mühüm hadisədir.

Deputat Kəlbəcərin iqtisadi potensialının reallaşdırılmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, rayonun zəngin su ehtiyatlarından istifadə etməklə kiçik su elektrik stansiyaları inşa edilir. “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Zar” və digər stansiyalar bölgənin enerji potensialının artırılmasına, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsinə töhfə verir.

O, nəqliyyat infrastrukturunun inkişafının da rayonun gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını söyləyib. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu, tunellər və Kəlbəcər-Laçın istiqamətində həyata keçirilən layihələr bölgənin digər ərazilərlə əlaqəsini yaxşılaşdırmaqla yanaşı, turizm və iqtisadi inkişaf üçün də yeni imkanlar yaradır.

Anar İsgəndərov İstisu ərazisində görülən işlərə də diqqət çəkib. Qeyd edib ki, burada mineral su zavodunun fəaliyyətə başlaması, müalicə-istirahət kompleksinin tikintisinin davam etdirilməsi və İstisu qəsəbəsinin yenidən qurulması bölgənin əvvəlki şöhrətinin qaytarılması baxımından əhəmiyyətlidir. Kəlbəcər balının və digər arıçılıq məhsullarının tanıdılması, yerli istehsalın təşviqi də rayonun iqtisadi həyatına yeni töhfələr verəcək.

Millət vəkili vurğulayıb ki, Kəlbəcərin dirçəldilməsi yalnız yeni binaların və infrastrukturun yaradılması ilə məhdudlaşmır. Burada insanların doğma yurda qayıtması, sosial həyatın bərpası, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi də əsas prioritetlərdəndir.

“Bu gün Kəlbəcərdə yalnız binalar deyil, insanların gələcəyə inamı da qurulur. Bir vaxtlar dağıdılmış yurd yerlərində indi həyatın səsi eşidilir. Kəlbəcərin hər daşı, hər qayası, hər bulağı və hər yaylağı bizim üçün əzizdir. Bu torpağın bərpası həm də milli yaddaşımızın, tarixi irsimizin və mənəvi dəyərlərimizin dirçəldilməsidir”, – deyə Anar İsgəndərov bildirib.

O, Kəlbəcərin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayaraq, doğma yurda qayıdan sakinlərə firavan həyat arzulayıb.

Anar İsgəndərov əlavə edib ki, Kəlbəcər yenidən qurulur, dirçəlir və öz əzəmətinə qovuşur. Dağların qoynunda başlayan yeni həyat Azərbaycanın Qələbəsinin və güclü dövlətçiliyinin təzahürüdür.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın