EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı ölkəmizin xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi, yeni investisiya mənbələrinin cəlb edilməsi və beynəlxalq iqtisadi sistemdə mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı Azər Allahverənov bu fikirləri Realist.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, dünyanın aparıcı iqtisadiyyatlarından və sənaye-texnologiya mərkəzlərindən biri olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün yalnız ticarət dövriyyəsinin artırılması deyil, həm də qeyri-neft sektoruna yeni texnologiyaların, investisiyaların və müasir idarəetmə təcrübəsinin gətirilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev də Azərbaycan-Çin münasibətlərindən danışarkən qarşılıqlı ticarət dövriyyəsinin artırılması ilə yanaşı, Çin texnologiyalarının ölkəmizə gətirilməsinin, istehsal sahələrinin və sənaye zəncirlərinin qurulmasının vacibliyini vurğulayıb. Bu istiqamətdə əməkdaşlıq yeni texnologiyaların mənimsənilməsinə, istehsal potensialının genişlənməsinə, əhalinin maddi imkanlarının və sosial rifahının yüksəlməsinə töhfə verə bilər.

Azər Allahverənov bildirib ki, iki ölkə arasında əməkdaşlıq investisiya və sənaye, texnologiya transferi, ixrac imkanlarının genişləndirilməsi və enerji sahələrini əhatə edir. Xüsusilə ənənəvi enerji ilə yanaşı, günəş və külək enerjisi, enerji saxlama sistemləri və yaşıl texnologiyalar üzrə birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.

Deputat siyasi baxımdan da Çinlə münasibətlərin dərinləşməsinin Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun iqtisadi məzmununu genişləndirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, bu əməkdaşlıq digər beynəlxalq tərəfdaşlarla münasibətlərə alternativ deyil, ölkənin xarici iqtisadi əlaqələrinin şaxələndirilməsi və milli maraqlarının təmin olunması istiqamətində əlavə imkan kimi qiymətləndirilməlidir.

Deputat nəqliyyat və logistika sahəsində əməkdaşlığın da xüsusi strateji əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat-kommunikasiya qovşağıdır. Çinlə münasibətlərin dərinləşməsi isə bu coğrafi üstünlüyün real iqtisadi və geosiyasi imkanlara çevrilməsinə şərait yaradır.

O qeyd edib ki, Çinlə Avropa arasında yükdaşımaların Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə həyata keçirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirir. Qlobal ticarətdə alternativ və çevik nəqliyyat marşrutlarına tələbatın artdığı indiki şəraitdə Orta Dəhlizin strateji əhəmiyyəti daha da yüksəlir.

Azər Allahverənovun fikrincə, Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonasının inkişafı mühüm rol oynayır. Bu infrastruktur layihələrinin Çin investisiyaları və texnologiyaları hesabına daha da inkişaf etdirilməsi yükdaşımaların həcminin artmasına və logistika xidmətlərinin keyfiyyətinin yüksəlməsinə imkan verə bilər.

Deputat əlavə edib ki, Azərbaycan-Çin əməkdaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də regionda və bütövlükdə Avrasiyada iqtisadi bağlantıların güclənməsinə xidmət edir. Bu baxımdan süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Həmin texnologiyaların nəqliyyat, logistika və infrastruktur layihələrində tətbiqi marşrutların rəqabət qabiliyyətinin artırılmasına, təhlükəsizliyin təmin olunmasına və daha səmərəli kommunikasiya sistemlərinin qurulmasına töhfə verə bilər.

O vurğulayıb ki, 2025-ci ildə Azərbaycan və Çin arasında imzalanmış hərtərəfli strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə sadalanan istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm siyasi zəmin yaradıb. Bu sənəd iki ölkənin siyasi iradəsini nümayiş etdirməklə yanaşı, praktiki nəticələrə hesablanmış birgə fəaliyyət üçün də geniş perspektivlər açır.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın